Bu hadisə Üçüncü Dünya müharibəsinə səbəb olar - ŞƏRH
    • 3-08-2022, 15:51
    • 738

Bu hadisə Üçüncü Dünya müharibəsinə səbəb olar - ŞƏRH

“Çin və tayvan arasındakı gərginliyin bu mərhələdə müharibə müstəvisinə keçəcəyini gözləmirəm. Ancaq Çin hökumətinin məqsədi nə olursa olsun, Tayvanı Pekinin tabeliyinə qaytarmaqdır. Bunun üçün hərbi gücdən istifadə edə biləcəklərini dəfələrlə bəyan ediblər”.

Bunu News24.az-a açıqlamasında siyasi şərhçi Şahin Cəfərli deyib.

O bildirib ki, müharibə ehtimalı perspektiv baxımından var: “Ancaq burada ABŞ-ın mövqeyi çox önəmlidir. Müharibə olacağı təqdirdə Tayvanın gələcəyini Amerikanın müdaxilə edib-etməyəcəyi təyin edəcək. ABŞ de-yure Tayvanı Çinin tərkib hissəsi hesab edir və “Vahid Çin” konsepsiyasını təsdiqləyir. Lakin ABŞ və Tayvan arasında imzalanan bir müqavilə var. ABŞ 1970-ci illərin sonlarına qədər Tayvanı tanıyırdı. Ancaq elə o vaxtdan Çin hökuməti ilə əlaqələr inkişaf etdikcə, ABŞ bu siyasətini dəyişdirdi. 1978-1979-cu illərdə isə Amerika Çin Xalq Respublikasını tanıdı və Tayvandan imtina etdi. Ancaq bununla bərabər Tayvanla qarşılıqlı münasibətlərə dair bir müqavilə imzaladı. Həmin müqaviləyə əsasən, Amerika Tayvana hərbi yardım etməyi öz öhdəsinə götürdü. 

Son illərə qədər bu məsələdə strateji qeyri-müəyyənlik var idi. Lakin ABŞ prezidenti bu yaxınlarda qəti şəkildə bildirdi ki, Tayvan hücuma məruz qalarsa, Amerika onu müdafiə edəcək. Bu isə təbii ki, Çin hökumətini çəkindirən əsas amildir. Bu baxımdan Çin Tayvanı hərb yolu ilə özünə birləşdirməyə cəhd edərsə, çox böyük bir aventüra olar. Bu hadisə Üçüncü Dünya müharibəsinə səbəb ola bilər. Açığı, yaxın gələcəkdə belə bir addım gözləmirəm. Bu versiya o vaxt işə düşə bilər ki, ABŞ zəifləsin və Tayvanı müdafiə edəcək iqtidarda olmasın”. 

Politoloq daha sonra sözlərinə belə davam edib: “Son illərdə dünyada belə bir təsəvvür yaranmışdı ki, Amerika artıq zəifləyir, əvvəlki gücündə deyil. Bu barədə çox ciddi təhlillər aparılırdı, qalın kitablar yazılırdı. Lakin görürük ki, bu fikirlər özünü doğrultmadı. Bayden gəldikdən sonra ABŞ-ın bütün istiqamətlərdə fəallaşdığını müşahidə edirik. Bundan əlavə, Amerika hərbi gücünə görə dünyada rəqibsizdir. Çinin bu sahədə ABŞ-a rəqib olması yaxın gələcək üçün gözlənilmir. Rusiyanın nüvə arsenalı baxımından Amerikaya yaxınlığı olsa belə, quru  qoşunlarında ABŞ-dan çox geridədir. Bəlkə də, yarım əsr geri qalır”.