İlham Əliyev iki səfirin etimadnaməsini qəbul etdi - YENİLƏNİB
    • 5-08-2022, 13:10
    • 513

İlham Əliyev iki səfirin etimadnaməsini qəbul etdi - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Slovakiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Milan Layçakın etimadnaməsini qəbul edib.

News24.az xəbər verir ki, səfir Milan Layçak etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.

Prezident İlham Əliyev Azərbaycanla Slovakiya arasında əlaqələrin uğurlu inkişafını qeyd edərək qarşılıqlı səfərlərin əməkdaşlığımızın genişləndirilməsi işinə verdiyi töhfəni vurğuladı.

Dövlətimizin başçısı əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirilməsinin zəruriliyini qeyd etdi, əvvəllər müzakirə edilən məsələlərin həyata keçiriləcəyinə ümidvar olduğunu dedi. İqtisadi əlaqələrə toxunan Prezident İlham Əliyev bu sahədə əməkdaşlığın və qarşılıqlı ticarətin dərinləşdirilməsi, həmçinin Azərbaycan və Slovakiya şirkətlərinin ölkələrimizdə fəaliyyətinin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirdi. Dövlətimizin başçısı, eyni zamanda, Slovakiya şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində iştirakda marağını da qeyd etdi.

Prezident İlham Əliyev Slovakiyanın Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığına verdiyi dəstəyi də vurğuladı.

Səfir Milan Layçak ölkələrimiz arasında siyasi əlaqələrin kifayət qədər fəal olduğunu qeyd edərək iqtisadi münasibətlərin genişləndiyini dedi və əlaqələrimizin daha da möhkəmlənməsi üçün səylərini əsirgəməyəcəyini bildirdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Şuller-Qötzburqun etimadnaməsini qəbul edib.

News24.az xəbər verir ki, səfir Tomas Şuller-Qötzburq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirərək özünün Avstriyaya səfərini və orada keçirdiyi görüşləri məmnunluqla xatırladı. Prezident İlham Əliyev iqtisadi əməkdaşlığa toxunaraq Avstriya şirkətlərinin Azərbaycanda uzun illər uğurla fəaliyyət göstərdiyini qeyd etdi. Dövlətimizin başçısı bir çox Avropa şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərinə böyük maraq göstərdiklərini deyərək Avstriya şirkətlərinin də həmin ərazilərdə tikinti, infrastruktur və digər sahələrdə fəal iştirak edəcəklərinə ümidvar olduğunu bildirdi. Azərbaycan-Avropa İttifaqı əməkdaşlığına toxunan Prezident İlham Əliyev Avstriyanın bu əməkdaşlığı daim dəstəklədiyini məmnunluqla qeyd etdi. Dövlətimizin başçısı Avropa İttifaqı ilə əlaqələrimizin genişləndirilməsində Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin səfərinin önəmini qeyd etdi və səfər çərçivəsində imzalanan Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyətinə toxundu. Dövlətimizin başçısı Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında eyni zamanda nəqliyyat, ticarət, yüksək texnologiyalar, turizm, kənd təsərrüfatı, tikinti sahələrini də qeyd etdi.

Azərbaycana səfir təyin olunmasından məmnunluğunu bildirən Tomas Şuller-Qötzburq ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının bu il 30 illiyinin qeyd edildiyini vurğuladı. İkitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsinin vacibliyinə toxunan səfir bunun üçün səylərini əsirgəməyəcini dedi. Tomas Şuller-Qötzburq vurğuladı ki, dövlətimizin başçısı tərəfindən əməkdaşlığımızın qeyd olunan əsas istiqamətləri hər iki ölkə üçün çox vacibdir. Səfir, eyni zamanda, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində də Avstriyanın ikitərəfli əlaqələri bundan sonra da dəstəkləyəcini bildirdi. O, ölkəmizin tolerantlıq nümunəsi olduğunu vurğulayaraq Azərbaycanın bu sahədə beynəlxalq tədbirlərə verdiyi töhfəni xüsusi olaraq qeyd etdi.


***

10:10


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Şuller-Qötzburqun etimadnaməsini qəbul edib.

News24.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Slovakiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Milan Layçakın etimadnaməsini qəbul edib.