“Dövlətin internet sürətinin qiyməti özəldən də BAHADIR” – Ekspertdən ETİRAZ
    • 11-08-2022, 14:11
    • 926

“Dövlətin internet sürətinin qiyməti özəldən də BAHADIR” – Ekspertdən ETİRAZ

“Ölkəmizdə sürətli interneti əldə etmək üçün yetərli infrastruktur yoxdur”.

Bunu News24.az-a müsahibəsində Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz deyib.

Müsahibəni təqdim edirik:

- "Aztelekom" və "Bakı Telefon Rabitəsi"nin xidmətlərinin internet tariflərindəki dəyişikliyi necə qiymətləndirsiniz?

- Baktelecom və Aztelekom GPON texnologiyası ilə fiber optik internet xidməti üçün yeni tarif paketi təqdim edib. Artıq bu xidmətdən istifadə edənlər üçün əvvəlki 4 Mb/s və 10 Mb/s sürətlər ləğv edilib və müvafiq olaraq 15 və 30 Mb/s sürətlər təklif edilib. Qiymətlər təbii ki, artıb. 4 Mb/s üçün 10 manat ödəyənlər indi 15 Mb/s üçün 15 manat ödəyəcəklər.
10Mb/s üçün 12.5 manat ödəyənlər də indi 30 Mb/s üçün 18 manat ödəyəcəklər.


Dərhal qeyd etmək istərdim ki, adıçəkilən dövlət operatorlarının şəbəkəni modernləşdirməsi, fiber infrastrukturun yenilənməsi, infrastruktura yeni investisiyalar yatırması və nəticə olaraq yüksək sürətlər təqdim etməsi çox təqdirəlayiqdir.

Amma birdən-birə hamı üçün yüksək sürətlər təklif edib, buna uyğun olaraq əvvəlki aşağı sürətə uyğun qiymətdən xeyli yüksək ödəniş tələb olunması düzgün deyil. Heç bir investisiya yatırımı böyük sürətlərə ehtiyacı olmayan məhdud bir təbəqəni yüksək məbləğlə sürətli internet əldə etməyə məcbur edə bilməz. Xüsusən də, bazarda üstün mövqe tutan, dövlətə məxsus operatorlar üçün bu, yolverilməzdir.
Düşünürəm ki, indiki şəraitdə, internetə əlçatanlığın insanların əsas  fundamental hüquqlarından biri hesab olunduğu bir vaxtda, yüksək sürətə ehtiyacı olmayanlar üçün əvvəlki ödəniş səviyyəsində, təxminən  10-12 manat civarında bəlli bir internet sürəti təklif oluna bilərdi. 


- Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu məsələdə hansı mövqedə olmalıdır?

- Maraqlıdır ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hələlik bu məsələyə müdaxilə etməyib. Qiyməti operatorlar qaldırıb. Düşünürəm ki, bunun özü də doğru bir yanaşma deyil. Nazirlik hazırda həm də tənzimləyicidir. Təəssüf ki, hələlik bu funksiyanı yerinə yetirməli olan, Prezidentin fərmanı əsasında yaradılan İKT Dövlət Agentliyi də formalaşmayıb. Nizamnaməsi və rəhbərliyi hələ də yoxdur. Nazirlik tabeliyindəki dövlət operatorlarının qiymət siyasətinə müdaxilə etməlidir. Qısa bir araşdırma ilə görmək olar ki, dövlət operatorlarının təklif etdiyi yüksək sürət üçün olan qiymətlər hətta bəzi özəl provayderlərdən də bahadır. 

- Sizcə, optik internet göstərilən rəqəmlərlə eyni keyfiyyətdə interneti təmin edə biləcəkmi?

- Fiber optik internet keyfiyyətlidir. Burada ADSL internet xidmətində olduğu kimi provayderin müştərini aldatmaq imkanları yoxdur. Hesab edirəm ki, istifadəçilər daha yaxşı internet əldə edə biləcəklər. Ancaq istənilən halda həm vətəndaş cəmiyyəti, həm media, həm də dövlət qurumları tərəfindən fiber optik internetin keyfiyyət monitorinqinin aparılması labüddür. 


- Yeni qiymətləri ödəyə bilməyən vətəndaşlar nə etməlidir?

-Zənnimcə, burada bir anlaşmaq əldə etmək mümkün olacaq. Yeni tarifləri dövlət operatorları təklif edir. Məncə, istifadəçilər bu məsələyə yenidən baxılması ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edə bilərlər. 

- Osman müəllim, dünyadakı internet qiymətləri ilə müqayisədə Azərbaycanda vəziyyət necədir?

- Ölkəmizdə sürətli interneti əldə etmək üçün yetərincə infrastruktur yoxdur. Fikrimcə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaxın iki il ərzində ölkədə daha böyük sürətləri əldə etməyə imkan verən infrastruktur qurmağı hədəfləyib. Artıq bu proseslərə başlanılıb. Hazırda ADSL internet xidmətinin təklif etdiyi qiymətlər və verilən internet sürəti qonşu ölkələrlə müqayisədə yüksəkdir. Bu baxımdan gözləmək lazımdır ki, fiber optik internetlə bağlı problemlər öz həllini tapsın. 


- Son zamanlar Azərbaycanda bir neçə böyük xəbər portalının sosial şəbəkə hesablarının bağlandığını gördük. Sizcə, bu hücumlar kimlər tərəfindən olur və necə mühafizə olunmalıyıq?


- Kimlər tərəfindən kiberhücumların aparıldığını öyrənmək üçün müəyyən araşdırılmalar aparılmalıdır. Maraq dairələri olan şəxslər və ya rəqiblər ola bilər. Xaricdən və ya digər qurumlar tərəfindən də bu hücumlar reallaşa bilər. Xüsusən Ermənistanı və digər qonşu ölkələri nümunə deyə bilərik. Sosial media resurslarının sahibləri ayıq-sayıq olmalı, mütəxəssislərlə işləməli, təhlükəsizlik qaydalarına riayət etməlidilər. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tez-tez bu məsələlərlə bağlı açıqlamalar verir. Lakin bu xidmət həm də informasiya metodiki dəstəyini göstərməlidir.