700 bal toplayan Nigar NİYƏ Azərbaycan universitetlərindən İMTİNA ETDİ? - Eksklüziv açıqlama
    • 13-08-2022, 11:41
    • 921

700 bal toplayan Nigar NİYƏ Azərbaycan universitetlərindən İMTİNA ETDİ? - Eksklüziv açıqlama

Bu il  IV ixtisas qrupu üzrə ən yüksək – 700 balı toplayan Nigar Ağazadə Azərbaycanda təhsil almaqdan imtina edib. 

News24.az xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb. Bildirilir ki, Nigar təqaüd proqramı qazanaraq Ankara Universitetinin Tibb fakültəsinə qəbul olunub.

Biz də öz növbəmizdə Nigar Ağazadəni təbrik etdik və  Azərbaycan universitetlərindən imtina etməsinin səbəbi ilə maraqlandıq. Nigar Ağazadə bildirdi ki, xaricdə oxumaq çoxdankı arzusu olub: "Çoxdan arzu edirdim ki, xarici universitetlərdə təhsil alım. Qəbul imtahanında maksimum balı toplamağım bu şansı verdi, mən də bunu dəyərlənirdim. Balımı öyrəndikdən sonra xarici universitetlərə müraciət etdim, müsahibə mərhələsindən keçdim və təqaüd qazandım. Aldığım təqaüd proqramı Türkiyə dövlətinindir. Türkiyədə tibb çox inkişaf edib. Orada təhsil almağın mənə çox şey verəcəyinə inanıram. Rezidentura təhsilimi Almaniyada almağı düşünürəm".

Təhsilini tamamladıqdan sonra Nigar Ağazadə ürək-damar cərrahı olmaq arzusundadır. 

Qeyd edək ki, Nigar Ağazadə 125 nömrəli tam orta məktəbin məzunudur. O, qəbul imtahanının I mərhələsində 300 bal, ikinci mərhələsində isə 400 bal toplayaraq maksimal nəticə göstərib.

Qumral ƏLİYEVA