Zeynəb Xanlarovanın ad günüdür - VİDEO
    • 28-12-2018, 14:54
    • 1 928

Zeynəb Xanlarovanın ad günüdür - VİDEO

Bu gün dünya şöhrətli sənətkar xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür. 

Sənətkarın 82 yaşı tamam olur. 1936-cı ilin bu günündə Bakıda anadan olan Zeynəb Xanlarova sənətə gəldiyi gündən Azərbaycan musiqisini dünyanın bir çox ölkələrində tanıdıb və təmsil edib.

O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.
Z.Xanlarova Azərbaycanın qadın xanəndələri arasında “Çahargah” muğamının ilk ifaçılarından biridir. Haqqında “Salam, Zeynəb!” adlı sənədli televiziya filmi çəkilib.

Zeynəb Xanlarova həm də uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. "Şöhrət" ordeni ilə təltif edilib. 1975-ci ildən Azərbaycanın xalq artisti, 1980-ci ildən SSRİ xalq artisti, 1985-ci ildən Azərbaycan SSR Dövlət mükafatı laureatıdır.

News24.Az