Əliyev-Paşinyan görüşü: Sərhədin TALEYİ HƏLL OLUNUR
    • 25-08-2022, 15:26
    • 1 146

Əliyev-Paşinyan görüşü: Sərhədin TALEYİ HƏLL OLUNUR

“İlham Əliyevlə Nikol Paşinyanın növbəti görüşünə dair yayılan məlumatlar hələlik öz rəsmi təsdiqini tapmasa da, danışıqların yeni raundu qaçılmazdır. Hər nə qədər Qərb, daha dəqiq ifadə etsək, Qərb sisteminin əsas iqtisadi qanadı olan Avropa İttifaqı görüşün təşəbbüskarı kimi görünsə də, bu cür danışıqlar Rusiya ilə razılaşdırılmış şəkildə həyata keçirilir. Ancaq düşünürəm ki, görüşün konkret harada keçiriləcəyi tam razılaşdırılmayıb. Nəticə olaraq isə Əliyev-Paşinyan danışıqları “Qisas” əməliyyatından sonra qurulan masadakı mövzuları təsvir etməyə bizə imkan verir”. 

Bunu News24.az-a açıqlamasında siyasi analitik Aqşin Kərimov deyib.


O bildirib ki, Azərbaycan Qarabağ mövzusu ilə sərhəddəki situasiyanı paralel şəkildə məharətlə inkişaf etdirdi: "Sərhəddəki hər yeni hərbi hərəkətlilik Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki hərbi-kəşfiyyat nəzarəti ilə tamamlandı, hərçənd ki, “Qisas” əməliyyatını son antiterror aktı hesab etmək də yanlış olardı. 

İndi Azərbaycan baş verənlərə və ya baş verəcəklərə lokal ərazidən deyil, birbaşa sərhəddən nəzarət edir və onu yönləndirmək potensialını ortalığa çıxarır. Əliyevlə Paşinyanın müzakirələrində sərhəddəki vəziyyət və bunun Ermənistanın mövqeyindən asılı olaraq hansı məcraya yönələ biləcəyi masaya qoyulacaq. Əliyevin şərti, tələbi qəti və aydındır: Ermənistan özünün sərsəm iddialarından əl çəkməli, bunu rəsmiləşdirməli,  üçtərəfli bəyanatların icrasını ləngitməməli və revanşist meyllərdən qaçıb, konstruktiv meyarlara söykənməlidir. Bunlardan hər hansı birinin pozulması Azərbaycanın əlinə əsas verir ki, hərbi əməliyyatlar keçirsin və sərhəddə mövqelərini irəli çəksin. Zəngəzur dəhlizinin açılması ilə bağlı Bakının tələbləri bu tematika üzrə inkişaf edə bilər”.

Ekspert əlavə edib ki, əgər Ermənistan təxribatlara əl atarsa və ya vaxtı uzatmağa çalışarsa, Azərbaycan Laçın yolunun dəhliz məntiqi ilə işləməyəcəyini də Paşinyanın diqqətinə çatdıracaq: “Çünki artıq dəhliz rejimi üçün bir əsas yoxdur. Humanitar mövzular da Əliyev-Paşinyan danışıqlarında ayrıca xətt təşkil edəcək, çünki Ermənistan hələ də bir çox humanitar öhdəliklərdən qaçır”.

-->