Prezident İlham Əliyevlə  Nikol Paşinyan görüşəcəklər
    • 2-03-2019, 18:00
    • 852

Prezident İlham Əliyevlə Nikol Paşinyan görüşəcəklər

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşə razı olduqları haqqında bəyanat yaydı. Ehtimallara görə, görüş yaxın vaxtlarda baş tutacaq. Görüşün yeri haqqında dəqiq məlumat olmasa da, ABŞ-da keçirilə biləcəyi deyilir. Görüş baş tutarsa, bu, Azərbaycan və Ermənistan rəhbərliyinin Minsk qrupu formatında ilk təması olacaq. Buna qədər Düşənbə və Davosda qeyri-rəsmi görüşlər baş tutub. Düşənbə görüşünü Rusiya, Davos görüşünü isə ABŞ-ın təşkil etdiyi versiyaları mövcuddur.

Azərbaycan və Ermənistan rəhbərlərinin görüşməyə hazırlaşdığı ərəfədə bir sıra diqqətçəkən hadisələr müşahidə olunur.

Onlardan biri Minsk qrupunun keçmiş amerikalı həmsədrləri – Riçard Hoqland və Ceyms Uorlikin fəallaşması və Rusiyanın indiyə qədər inkar etdiyi “Lavrov planı”nın mövcud olduğunu dilə gətirməsidir.

Bu ehtimal etməyə imkan verir ki, Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini tamamilə ələ keçirmək və Rusiyanın planlarını de-şifrə etmək niyyətindədir.

Digər hadisə isə Ermənistanın milli təhlükəsizlik xidmətinin direktoru Artur Vanesyan Azərbaycanın işğal edilmiş ərazilərinə gəlişi və İranla sərhəd bölgədə yeni qəsəbənin inşa ediləcəyi haqqında açıqlama verməsidir.

Paşinyanın “baş kəşfiyyatçısı”nın həmçinin, Qarabağda “bir qarış ərazinin belə qaytarılmasından söhbət gedə bilməz” açıqlaması da diqqət çəkir.

Görünür, Ermənistan danışıqlar prosesini uzatmaq və tədricən müharibəyə hazırlaşmaq taktikasını seçib. Müdafiə naziri David Tonoyanın “biz müdafiə taktikasından hücum taktikasına keçirik” açıqlaması da bu ehtimalı gücləndirir.

Lakin Vanesyanın Qarabağda məhz İranla sərhəd bölgəsində yeni qəsəbənin inşa ediləcəyi açıqlaması Ermənistanın baş naziri Nikol Paşinyanın Tehrana səfəri fonunda təsadüfə bənzəmir. Mümkündür ki, Paşinyan İrandan Qarabağa iqtisadi və siyasi dəstək istəyib və ABŞ-ın planlarında yer almayacağı vədini verib. İranla sərhəddə yeni qəsəbənin inşası və mülki əhalinin ora köçürülməsi də Tehrana edilmiş jestdir. Yəni “biz İran sərhədinə qoşun yox, mülki əhalini yerləşdiririk” mesajı verilir.

Proseslərin inkişafı vəziyyəti bir qədər də mürəkkəbləşdirir. Hər halda Azərbaycan və Ermənistan rəhbərlərinin nəzərdə tutulan görüşü hadisələrin inkişafına da yön verəcək.