Əliyevlə Paşinyan növbəti dəfə görüşdü - Bakı nəyə nail oldu?
    • 1-09-2022, 12:57
    • 529

Əliyevlə Paşinyan növbəti dəfə görüşdü - Bakı nəyə nail oldu?

Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü keçirilib. Bu, tərəflərin bu formatda dördüncü görüşü idi.

Ümumi mənada görüşün uğurlu keçdiyini demək olar. Bunu görüş sonrası Şarl Mişelin “biz Cənubi Qafqazda son hadisələr və Avropa İttifaqı ilə hər iki ölkə arasındakı münasibətləri müzakirə etdik. Fikir mübadilələrimiz açıq və məhsuldar keçdi” sözləri və Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin “biz Avropa İttifaqının Prezidenti Şarl Mişelin komandasının Ermənistan və Azərbaycan arasında ikitərəfli sülh müqaviləsi danışıqlarına və dövlətlərarası normallaşmaya kömək etməsini yüksək qiymətləndiririk. Prezident İlham Əliyev bununla bağlı Azərbaycanın mövqeyini dəfələrlə bəyan edib” sözləri də təsdiqləyir.

Ümumiyyətlə, Azərbaycan tərəfi Brüssel formatından razıdır və bunu dəfələrlə dilə gətirib. Çünki format ATƏT-in Minsk Qrupunun  27 illik “danışıqlar” prosesində əldə edə bilmədiyi nailiyyətlərə iki ildən qısa müddətdə nail olub.

Budəfəki görüşdə də konkret nəticələrin əldə edildiyini demək olar. Misal üçün, Azərbaycan və Ermənistan Xarici İşlər nazirliklərinin xətti ilə bir ay ərzində sülh razılaşmasının mətni üzərində iş aparılması üçün işçi qrupların yaradılması razılaşdırıldı.

Əslində qeyd olunan bu məsələ ilə bağlı bundan öncəki Brüssel görüşündə də razılıq əldə edilmişdi. Lakin İrəvanın bu müddət ərzində real addım atdığının şahidi olmadıq.

Ehtimal etmək olar ki, Şarl Mişel və Prezident İlham Əliyev İrəvanın öhdəliyini yerinə yetirməyə razı salınıb. Ermənistanın bu dəfə fərqli addım atıb atmayacağını isə zaman göstərəcək.

Ümumiyyətlə yekun sülh müqaviləsi istiqamətində görülən işlər Azərbaycanın diplomatik uğurunun növbəti təzahürü olmaqla yanaşı, Aİ-nin və şəxsən Şarl Mişelin vasitəçiliyinin nəticəsidir. Ermənistanın gəldikdə isə rəsmi İrəvanın müqavimətinə və Brüssel görüşündə real nəticələrin əldə olunmasına maneçilik törətmək cəhdlərinə baxmayaraq, Prezident İlham Əliyev Şarl Mişelin vasitəçiliyi ilə konkret nəticələr əldə edilir. Bu mənada Bakının formatdan razı qalması da başa düşüləndir.

Digər tərəfdən, Brüssel formatı Qərbin Ermənistan-Azərbaycan münaqişəsində fəal iştirakı deməkdir ki, bu da hər şeydən öncə Kremlin prosesdə moderatorluğunu balanslayır. Yəni Rusiya əvvəlki kimi prosesi öz maraqlarına görə istiqamətləndirə bilmir. Faktiki olaraq, vasitəçilik uğrunda Moskva ilə Brüssel arasındakı rəqabət gedir ki, bu maraqlarımıza xidmət edir. Yəni birindən narazı qaldıqda  o birisinin üstünlüyündən istifadə etmək mümkündür.

Şarl Mişel görüşdən sonra onu da qeyd edib ki, noyabrın sonunadək bu formatda növbəti görüşün keçiriləcəyi barədə razılıq əldə olunub.

Yeri gəlmişkən, vurğulamaq lazımdır ki, yeni sənəddə Qarabağ mövzusu, ATƏT-in Minsk Qrupu barədə heç nə yoxdur. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Avropa İttifaqının vasitəçiliyi var, burada Qarabağ mövzusu yoxdur, çünki bu məsələ Azərbaycanın daxili işi hesab olunur.

Müəllif: Turan Rzayev