Fransanın Nant şəhərində Azərbaycan dili məktəbi açılacaq
    • 30-12-2018, 09:46
    • 746

Fransanın Nant şəhərində Azərbaycan dili məktəbi açılacaq

Fransanın Nant şəhərində Azərbaycan dili və mədəniyyəti məktəbinin açılması planlaşdırılır.

Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov deyib.
Onun sözlərinə görə, hazırda soydaşlarımızın yaşadıqları ölkələrdə assimlyasiya deyil, inteqrasiya etməsi aktual məsələ olaraq qalır:
"Soydaşlarımızın yaşadıqları ölkələrdə assimlyasiya deyil, inteqrasiya etməsi hər zaman aktualdır və ana dilinin qorunub yaşadılması dövlət komitəsinin qarşısında qoyulan əsas vəzifələrdəndir. Bu istiqamətdə də davamlı işlər görülür. Məsələn, bu yaxınlarda İsveçrədə “Qarabağ” adlı Azərbaycan dili və mədəniyyəti məktəbi açılaraq, soydaşlarımızın istifadəsinə verilib. Fransanın Nant şəhərində də belə bir tədris ocağının açılması planlaşdırılır".
Fuad Muradov hazırda xaricdə Azərbaycan məktəblərinin sayının artırılması, soydaşlarımızın dilimiz, tariximiz, mədəniyyətimiz və ümumilikdə ölkəmiz haqqında daha geniş informasiyalar əldə etməsi üçün ardıcıl addımlar atıldığını diqqətə çatdırıb:
"Görülən işlər, yalnız məktəblərlə tamamlanmır. Bir sıra ölkələrdə davamlı olaraq fəaliyyət göstərən kurslarda Azərbaycan dilinin, mədəniyyətinin incəlikləri nəinki soydaşlarımıza, onların övladlarına, eyni zamanda, xarici ölkə vətəndaşlarına da öyrədilir. Azərbaycan dili və mədəniyyətinin təbliği ilə yanaşı, həm də Azərbaycanın zəngin tarixi-mədəni irsə malik olduğu, azərbaycanlıların tolerant və sülhpərvər bir xalq olduğu bir daha dünyaya bəyan edilir. Eyni vaxtda, istər məktəblərin, istərsə də kursların fəaliyyətində Azərbaycan həqiqətlərinin təbliği, torpaqlarımızın işğalı, Qarabağ problemi ilə bağlı informasiyaların dünya ictimaiyyətinə çatdırılması əsas hədəflərdən biri kimi saxlanılır".

//XalqQəzeti