“0:3 hesablı məğlubiyyət düşünmürdüm, Qarabağ”a afərin" - “Nant”ın baş məşqçisi
    • 15-09-2022, 23:34
    • 384

“0:3 hesablı məğlubiyyət düşünmürdüm, Qarabağ”a afərin" - “Nant”ın baş məşqçisi

“Birinci hissə yaxşı oynadıq. Amma qol vura bilmədik”.

News24.az saytının məlumatına görə, bunu “Nant”ın baş məşqçisi Antuan Kombuare deyib.

O, Avropa Liqasının qrup mərhələsinin II turunun “Qarabağ”la Bakıdakı oyunundan sonra mətbuat konfransında iştirak edib. Kombuare görüş barədə fikirlərini açıqlayıb: “Rəqib bundan yararlandı. Onlara afərin deyirəm. Bravo. Futbolda belə nəticələr qeydə alına bilər. Biz növbəti matçda rəqibdən revanş almaq istəyirik. Bizim Liqa 1-də vacib görüşümüz var. Sosial şəbəkədə yazılanlara baxmıram və çox fikir vermirəm”.

İstefa vermək fikrində olmadığını qeyd edən Kombuare qrup mərhələsində hələ 4 matçın qaldığını xatırladıb: "Bizim də "Qarabağ" kimi 3 xalımız var. İlk görüşümüzdə qalib gəlmişik, bu gün isə məğlub olduq. Növbəti qarşılaşmalarda qələbə qazanmağa çalışacağıq. "Qarabağ"ın çox güclü komanda olduğunu daha əvvəl də bildirmişdim. Onların avrokuboklarda təcrübəsi daha çoxdur. Çətin olacağını bilirdik. Amma 0:3 hesablı məğlubiyyət düşünmürdüm".

Mütəxəssis ilk 45 dəqiqədə qaçırılan qol imkanlarına təəssüfünü gizlətməyib: "Futbolda belədir ki, "vurmayana vurarlar". Bizə qarşı yaxşı pressinq oldu və dözə bilmədik. Sonda da "sındıq". "Qarabağ" da bundan istifadə edib qollarını vurdu. Həm də müdafiədə yaxşı oynaya bilmədik. Zəiflik nümayiş etdirdik".

Qeyd edək ki, “Qarabağ” “Nant”ı 3:0 hesabı ilə məğlub yola salıb.