Tıxac problemindən necə yaxa qurtaraq?
    • 23-09-2022, 13:48
    • 740

Tıxac problemindən necə yaxa qurtaraq?

Sentyabr ayının gəlişi özü ilə tıxacları da gətirir. Paytaxt Bakıda demək olar ki, hər gün tıxac yaşanır. Ucu-bucağı görünməyən tıxaclar əsasən səhər və axşamsaatlarında müşahidə olunur. Əsasən Bakı-Sumqayıt, Xırdalan-20 Yanvar, Buzovna-Koroğlu yolunda sıx tıxacdan əziyyət çəkən vətəndaşlar üçün bir sıra problemlər yaradır. Baxmayaraq ki, Bakıda yeni körpülər, yeraltı keçidlər tikilib, istifadəyə verilib, yenədə paytaxtın tıxac bəlasına dərman tapılmayıb. Hər il olduğu kimi bu il də vətəndaşlar tıxac problemindən şikayətçidir. Bəs, bu problemi yaradan əsas səbəblər nədir? Tıxac dərdindən necə yaxa qurtaraq?

Bu barədə News24.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, tıxacları yaradan bir çox amil var. Lakin ilk sırada ictimai nəqliyyatın düzgün qurulmaması amili durur: " Paytaxtda ictimai nəqliyyatın fəaliyyətin o qədərdə ürəkaçan deyil. Bilirsiniz ki, paytaxtda ictimai nəqliyyat yalnız metro və avtobuslardan ibarətdir. Metro şəbəkəsi o qədər də şaxələnməyib. Halbuki 2009-cu ildən bəri Bakı Metropoliteninin şaxələndirilməsi ilə bağlı plan var idi. Stansiyaların sayı artırılmalı idi. Bu plan hələ də həyata keçirilməyib.İctimai nəqliyyatın avtobus seqmentində də böyük problemlər var. İctimai nəqliyyat bir çox insan üçün əl çatan deyil. Avtobuslar arasında olan intervallar çox böyükdür. Vətəndaşlar saatlarla dayanacaqda avtobus gözləməli olur. "Bakı kart"a pul yükləməyin çətinləşməsi də ictimai nəqliyyatı bir növ insanların gözündən salır. Biz əslində ictimai nəqliyyatı populyarlaşdırmalıyıq, amma bunun əskini edirik. İnsanlar rahat hərəkəti təmin etmək üçün ucuz  avtomobil almağa yaxud da ucuz taksilərlə hərəkətə üz tutur. Nəticədə də paytaxtda artan fərdi avtomobillər tıxac yaradır. Həm də sürücülərimizin parklanma problemi var. Qazanc əldə etmək məqsədilə ödənişsiz saxlama yerləri də sürücülərdən gizli saxlanır. Maşını saxlamaq üçün saatlarla yer axtaran 
sürücülər də tıxac yaradır". 

Ekspert problemin həlli yollarını da açıqlayıb: " Problemin həlli istiqamətində dövlət proqramı hazırlanıb. Həmin proqram nəqliyyat problemini
həll etmək üçün bir növ yol xəritəsidir. Həmin xəritədə qurumların qarşısına qoyulan müddəalar var.  Hüquqi baza da , yol xəritəsi də artıq 
mövcuddur. Sadəcə bunu həyata keçirən şəxslər lazımdır. Bu şəxslər olduqdan sonra prosesi mərhələli şəkildə həyata keçirmək mümkün olacaq".

Azərbaycan Texniki Universitetinin Dosenti nəqliyyat üzrə ekspert Fərhad Eyyubov əlavə edib ki, paytaxt ərazisində yolların buraxma qabiliyyəti intensivliyə uyğun deyil: "Tıxacların yaranma səbəbləri var. Bəzən buna sürücülər səbəb olur, bəzən də yolun buraxma qabiliyyətinə görə yaranır.
Yağışlı, qarlı havada avtomobillərin hərəkət sürəti istər-istəməz aşağı düşür, buna uyğun da yolun buraxma qabiliyyəti aşağı düşmüş olur. 
Nəticədə avtomobil axını yavaşıyır, hərəkət intensivliyi zəifləyir və tıxac yaranır. Yolların hansı formada qurulması da səbəblərdən biridir. 
Bəzən dar yol müəyyən hissədə genişlənir, bu zaman görürsən ki, dar yolla hərəkət edən avtomobillər genişliyə çıxanda səpələnir və hərəkət asanlaşır, hərəkətin intensivliyi artır. Problem onda yaranır ki, geniş yol hardasa dar yola keçir. Bax belə olduqda yolda hərəkət çətinləşir. Hərəkət zolaqlarının azalması da tıxac yaradan başlıca səbəbdir. 3-4 zolaqlı yolun birdən-birə 2 zolaqlıya keçməsi, avtomobillərin
hərəkətinin çətinləşməsinə səbəb olur. Sürücülər çalışır ki, tez hərəkət zolağına keçsinlər, basırıq da belə yaranır. Sürücülərin hərəkət zolağı kəskin dəyişən yolda manevr etmək imkanları məhdudlaşır. Avtomobilin manevr etməsinə sərf olunan zaman kəsiyində artıq tıxac yaranır". 

Ekspert problemin davamlı olmasını məsələ ilə məşğul olacaq konkret qurumun olmaması ilə əlaqələndirib: " Problemi həll etmək üçün çalışacaq vahid qurum yoxdur. Nəqliyyat problemlərinin həllini ayrı-ayrı qurumların öhdəliyinə veriblər. DYP yollarda təhlükəsizliyə nəzarət edir. BNA isə ictimai nəqliyyatın fəaliyyətini tənzimləyir. Amma tıxac problemi ilə məşğul olacaq hər hansı qurum yoxdur. Tıxac problemi ümumrespublika problemidir. Əgər tədbir görülməzsə, qarşıdakı illərdə də tıxac problemi artacaq".

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Araz Əsgərli bildirib ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tıxac zamanı nəqliyyatın hərəkətini tənzimləmək üçün gücləndirilmiş iş rejimində çalışır:" Paytaxt ərazisində real avtomobil sıxlığı var. Ölkə ərazisində qeydə alınan avtomobillərin 70 faizi paytaxtda cəmlənib. Bundan əlavə yeni dərs ilinin başlaması, dövlət və digər qurumların fəaliyyətə başlaması, avtomobil çoxluğu ilə gündəlik hərəkət intensiv şəkildə davam edir. Dövlət Yol Polisi də  tıxacların qarşısını almaq üçün intensiv şəkildə fəaliyyət göstərir".

Qumral Əliyeva