Ermənisayağı quru iddia: Yerevan 12 il sonra BMT Təhlükəsizlik Şurasına üzv seçilmək istəyir - ŞƏRH
    • 5-01-2019, 11:15
    • 666

Ermənisayağı quru iddia: Yerevan 12 il sonra BMT Təhlükəsizlik Şurasına üzv seçilmək istəyir - ŞƏRH

Bir neçə gün öncə Ermənistan xarici içlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan ölkənin ictimai televiziya kanalına verdiyi müsahibəsində Yerevanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcəyi ilə bağlı fikir səsləndirib.

Amma bu məsələ ilə bağlı bəzi məqamlara aydınlıq gətirmək lazımdır. Z.Mnatsakanyan müsahibəsində vurğulamağı unudub ki, söhbət Ermənistanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyi 2032-2033-cü illəri nəzərdə tutan və 2031-ci ildə keçiriləcək seçkilərindən gedir. Başqa sözlə, nə az, nə çox, düz 12 il sonra.
Xatırlatmaq yerinə düşər ki, 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına keçirilən seçkilər zamanı namizəd ölkələr sırasında olan Ermənistan Azərbaycanla mübarizədən qorxaraq seçkilərə az vaxt qalmış namizədliyini geri çəkdi. Məhz o zaman Ermənistan tərəfi namizədliyini 2031-ci il üçün müəyyən etdi. Sözügedən seçkilərdən qalib çıxan Azərbaycan isə digər namizəd ölkələr olan Sloveniya və Macarıstanı geridə qoyaraq BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə üzvü seçildi.
İndidən 2031-ci ildə keçiriləcək seçkilərdə başqa hansı ölkələrin namizəd olacağını demək mümkün deyil, odur ki, Ermənistanı bu seçkilərdə heç də asan olmayan rəqabət gözləyir.
Yerevanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilmək üçün can yandırmasının dəqiq səbəbini söyləmək çətindir. Amma bu ya ölkənin daxili auditoriyasına yönəldilmiş quru iddiadır, ya da, çox güman ki, bu baxımdan daha uğurlu Azərbaycana qarşı olan paxıllıq hissidir.
İstənilən halda qeyd olunmalıdır ki, Nizamnaməyə əsasən, məhz BMT Təhlükəsizlik Şurası sülhün və təhlükəsizliyin qorunması üçün əsas məsuliyyət daşıyır və işğalçı ölkənin orada yeri ola bilməz.

//Report