Qarabağ gizli şəkildə İKİYƏ BÖLÜNÜR? - Rusiyadan TƏHLÜKƏLİ SÜKUT
    • 4-10-2022, 15:42
    • 1 199

Qarabağ gizli şəkildə İKİYƏ BÖLÜNÜR? - Rusiyadan TƏHLÜKƏLİ SÜKUT

"Açıq şəkildə bəlli olur ki, Qarabağdakı separatçı rejimin qalıqları Azərbaycanın ərazi bütövlüyünü, Azərbaycanın Qarabağ üzərində suverenliyini və sülh müqaviləsini sabotaj etmək istəyir".

News24.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında iqtisadi, siyasi analitik Turab Rzayev deyib.

O bildirib ki, qondarma rejim açıq-aşkar deyir ki, biz Azərbaycanın suverenliyini qəbul etmirik, biz Azərbaycana tabe olmayacağıq:
"Separatçı rejimin ardıcıl olaraq həm yeni "dövlət naziri" təyin etməsi, həm də verdikləri açıqlamalar onu göstərir ki, onlar Azərbaycanın suverenliyini qəbul etmək niyyətində deyillər və bu yolda mübarizələrini davam etdirəcəklər. Düşünürəm ki, burada əsas məsuliyyət Rusiya tərəfinin üzərinə düşür. Çünki biz Rusiya tərəfindən heç bir əhəmiyyətli addımın atıldığını görmürük. 

Bu gün yenə separatçı rejimin qondarma rəhbəri çıxış edib bildirir ki, Ermənistanla Azərbaycan arasında heç bir müqavilə imzalana bilməz, "Qarabağ" bu müqavilədə açıq şəkildə tərəf olmalıdır, bütün məlumatlardan xəbəri olmalıdır, "Artsax"ın öz suverenliyi var və heç vaxt Azərbaycanın tərkibində ola bilməz. 

Qondarma rejim, erməni revanşistlər açıq-aşkar deyirlər ki, biz Azərbaycanın suverenliyini qəbul etmirik, biz Azərbaycana tabe olmayacağıq və Ermənistan əgər Azərbaycanla sülh müqaviləsi imzalasa belə, burada Qarabağ mövzusu gündəm ola bilməz, taleyi müəyyən edilə bilməz. Hətta Ermənistan Qarabağın taleyi ilə bağlı müqavilə imzalasa belə, bununla bağlı "Artsax"ın xəbəri olmalıdır və onlar bunu öz maraqlarına uyğun hesab etməsələr qəbul etməyəcəklər. Sözlərindən belə çıxır ki, yəni heç bir halda Azərbaycanın ərazi bütövlüyünü qəbul etməyəcəklər. 

Onlar eyni zamanda "Artsax"ın təhlükəsizliyinin təminatçısı kimi Rusiyanı göstərirlər. Yəni açıq şəkildə deyirlər ki, biz Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi olsa da qəbul etməyəcəyik, burada bizim taleyimizi özümüz həll edirik və qarantımız Rusiyadır. Demək ki, Azərbaycanın Ermənistanla apardığı danışıqlar Qarabağın yekun həllini vəd etmir. 

Biz Rusiyadan açıq şəkildə bununla bağlı münasibət bildirməsini istəməliyik və ən sürətli halda ya Azərbaycanın Qarabağın dağlıq hissəsində suverenliyinin təmin olunmasına çalışmalıyıq, ya da rus sülhməramlıları əgər bu missiyasnın öhdəsindən gələ bilmirsə, Qarabağı təcili tərk etməlidir. Azərbaycanın suverenliyi, Azərbaycanın ərazi bütövlüyü birmənalı olaraq orada təmin edilməlidir".

Qeyd edək ki, qondarma rejimin qondarma "başçısı" Araik Arutyunyan Ruben Vardanyanı qondarma rejimin dövlət naziri təyin edib.