“Paşinyan yatanda bir söz, oyananda başqa söz deyir” – ŞƏRH
    • 18-10-2022, 13:48
    • 317

“Paşinyan yatanda bir söz, oyananda başqa söz deyir” – ŞƏRH

“Azərbaycan-Ermənistan sülh danışıqları ilə bağlı durğunluq mərhələsi hökm sürür. Emmanuel Makron özünü Şarl de Qoll (Fransanın 18-ci prezidenti) kimi aparır. Onların təhlükəsizlik konsepsiyasında belə bir məsələ var ki, Fransa hər şeydə öndə olmalıdır, öndə olmadıqları məsələlər maraqlarında deyil. Şarl de Qoll bu fikri müharibə ərəfəsində əhalini ətrafında toplamaq üçün demişdi. İndi Makron da hesab edir ki, hər məsələdə Fransa öndə olmalıdır. 

Azərbaycan-Ermənistan sülh danışıqlarına Fransanın qarışması Makronun siyasi riyakarlığından və erməni xislətindən irəli gəldi”.


Bu fikirləri News24.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. 

O bildirib ki, Azərbaycan-Ermənistan münaqişəsində bir neçə ölkənin maraqları kəsişir: “Son zamanlar Türk birliyinin (Turan) yaradılması məsələsi gündəmə gəlib. Türkiyə-Azərbaycan dueti burada çox böyük rol oynayır. Bu məsələdə həm Fransanın, həm ABŞ-ın, həm İranın, həm də Rusiyanın müəyyən qüvvələrinin maraqları üst-üstə düşür. Türkiyənin lider dövlətə çevrilməsi, Azərbaycanın Cənubi Qafqazın siyasi arxitekturasını qurmaq istəyi və Turanın yaradılması adıçəkilən ölkələrdə siyasi qısqanclıq yaradır. Seçkilər ərəfəsində Makronu siyasi rəhbər kimi cəmi 23 faiz insan istəyirdi. Ancaq çox yüksək şəkildə seçkini saxtalaşdırdılar”. 

Politoloq qeyd edib ki, Ermənistan siyasi rəhbərliyi isə çaş-baş qalıb: “Ermənistan gah Rusiyaya, gah İrana, gah Fransaya, gah da Avropaya qarmaq atır. Hələ ABŞ-ı demirəm. Paşinyan yatanda bir söz, oyananda başqa söz deyir. Dövlət başçısının siyasi iradəsi və mövqeyi olmalıdır. Bunların heç biri Ermənistanın Baş nazirində yoxdur. Ona görə də bu adam bir söz deyir, üzərindən çox keçmədən onu danır. Bu iki amil sülh danışıqlarını gecikdirir”.