Delimitasiya üzrə komissiyaların üçüncü görüşü olub
    • 3-11-2022, 20:50
    • 487

Delimitasiya üzrə komissiyaların üçüncü görüşü olub

Brüssel şəhərində Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında, müvafiq olaraq, Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın üçüncü görüşü keçirilib.

Bu barədə News24.az Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

İclas başlamazdan əvvəl Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi Stefano Sannino Azərbaycan Respublikası və Ermənistan Respublikası nümayəndə heyətlərini salamlayıb, Komissiyaların işinə uğurlar arzulayıb, Avropa İttifaqının Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşması məsələlərində kömək etməyə bundan sonra da hazır olduğunu təsdiq edib.

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryan salamlama çıxışlarında Avropa İttifaqı Şurasına görüşün yaxşı təşkilinə görə təşəkkürlərini ifadə ediblər.

Tərəflər, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının rəhbərləri səviyyəsində müxtəlif formatlarda əldə edilən razılaşmaları nəzərə alaraq, delimitasiya məsələlərinin müzakirəsini davam edib, təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.

Komissiyaların birgə fəaliyyətinin hüquqi çərçivələrini müəyyən etmək məqsədilə, tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyət qaydasının razılaşdırılması üzrə işi sürətləndirmək barədə razılığa gəliblər.

Tərəflər Komissiyaların dördüncü iclasının keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.