Bayram günlərində Bakıdan regionlara 29 minə yaxın sərnişin daşınıb
    • 9-11-2022, 11:47
    • 317

Bayram günlərində Bakıdan regionlara 29 minə yaxın sərnişin daşınıb

Bayram günlərində müntəzəm və qeyri-müntəzəm reyslə 28 863 sərnişin müxtəlif şəhər və rayonlara daşınıb.

Bunu News24.az-a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat katibi Samir Səfərov deyib.

S.Səfərovun sözlərinə görə, ən çox sərnişin axını noyabrın 5-də qeydə alınıb:

“Bu sərnişinlərin daşınması üçün ümumilikdə 969 reys həyata keçirilib. Belə ki, noyabrın 5-də 289 müntəzəm və qeyri-müntəzəm reyslə 9 341, noyabrın 6-da 267 reyslə 8 607, noyabrın 7-də 218 reyslə 6 186 və noyabrın 8-də isə 195 reyslə 4 729 sərnişin daşınması həyata keçirilib”.
Avtovağzal rəsmisinin sözlərinə görə, vətəndaşlar biletləri avtovağzalın gündəlik və qabaqcadan satış kassalarından, eləcə də “avtovagzal.az” saytından onlayn qaydada əldə edə bilər.

S.Səfərov əlavə edib ki, istiqamətlər üzrə kassaların işinin təşkili zamanı kassalara təhkim edilmiş reyslər arası intervallar, eləcə də kassaların buraxılış qabiliyyəti nəzərə alınaraq əlavə kassalar açılıb və vətəndaşlar “1414” Çağrı Mərkəzinə zəng edərək onları maraqlandıran suallarla bağlı ətraflı məlumat ala bilərlər.

Qurum sözçüsü həmçinin əlavə edib ki, axın əsasən Quba, Qusar, Masallı, Lənkəran, Lerik, Astara, Gəncə, Bakı-Qırmızı Körpü, Mingəçevir, İsmayıllı, Qəbələ, Şəki, Qax, Zaqatala istiqamətlərində olub.

Qeyd edək ki, gücləndirilmiş iş rejimi noyabrın 9-na qədər davam edəcək.