Ramil Qasımovdan Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə - “Vətən əsgəri” marşı
    • 25-06-2018, 16:17
    • 1 980

Ramil Qasımovdan Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə - “Vətən əsgəri” marşı

Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə bağlı Azərbaycanın tanınmış vokal ifaçısı, əməkdar artist, Akademik Opera və Balet Teatrının solisti Ramil Qasımov yeni “Vətən əsgəri” layihəsini təqdim edib.

Musiqisi xalq artisti, bəstəkar Faiq Sücəddinova, sözləri əməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbaniyə aid olan layihənin ideya müəllifi Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri (AzTV) Arif Alışanov, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Etibar Babayev, rejissor Elnur Məmmədov, musiqi redaktorları Nigar Qarayeva və Riad Quliyevdir.

Layihə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin təşkilatçılığı ilə baş tutub. “Vətən əsgəri” marşı AzTv-nin Tofiq Əhmədov adına Estrada Simfonik Orkestri və Cahangir Cahangirov adına Xorun müşayiəti ilə lentə alınıb. Layihənin səs rejissoru Faiq Babayevdir. Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş layihəylə bağlı Ramil Qasımov fikirlərini bölüşüb: “Azərbaycan Ordusu ilə hər bir azərbaycanlı qürur duyur.

Silahlı Qüvvələrimiz Ali baş komandanımızın sayəsində güclü və qüdrətlidir. Bu gün hər birimiz qürur hissi keçiririk ki, biz müstəqil dövlətdə yaşayırıq, xalqımız bu Vətənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızı unutmur, onları elliklə yad edir. Bu qürur hissini isə bizə qüdrətli, müstəqil Azərbaycan və onu qoruyan güclü Ordumuz yaşadır. Qüdrətli Azərbaycan Ordusu müstəqilliyimizin qarantıdır. Yeni lentə aldığımız “Vətən əsgəri” marşı zənnimcə Ordumuzun 100 illiyinə bir töhfə olacaq. Belə bir şərəfli gün münasibəti ilə bağlı layihə hazırlamaq mənə çox böyük qürur və şərəf hissi yaşadır.

Fürsətdən istifadə edib layihənin gerçəkləşməsində əməyi olan hər bir kəsə minnətdarlığımı bildirirəm. Və əlbəttə ki, hər kəsi bu şərəfli gün münasibətiylə təbrik edirəm. Hər zaman güclü və qüdrətli ol, Azərbaycan Ordusu!”. Onu da bildirək ki, sözügedən “Vətən əsrgəri” layihəsi iyunun 26-dan etibarən Azərbaycan Dövlət Televiziyası və “Mədəniyyət” kanalında nümayiş olunacaq.