Azərbaycan Rusiyanın Cənubi Qafqazda mühüm tərəfdaşı və müttəfiqidir - Rusiya XİN
    • 4-12-2022, 14:18
    • 286

Azərbaycan Rusiyanın Cənubi Qafqazda mühüm tərəfdaşı və müttəfiqidir - Rusiya XİN

Azərbaycan Rusiyanın Cənubi Qafqazda və Xəzər regionunda mühüm tərəfdaşı və müttəfiqidir.

News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya işgüzar səfəri ilə bağlı yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, dekabrın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə gedəcək. Onun Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşü nəzərdə tutulub.

Görüşdə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirəsi, həmçinin regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.

“Ölkələrimiz arasında münasibətlər dostluq və mehriban qonşuluq ənənələri ruhunda yüksələn xətlə inkişaf edir. Gündəlik birgə iş bərabərlik, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında qurulur.

Hazırda iki ölkə arasında 150-dən çox beynəlxalq hüquqi akt bağlanıb. İki ölkə arasında münasibətlərdə əlamətdar hadisə bu il fevralın 22-də Moskvada ən yüksək səviyyədə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamənin imzalanması olub. Bu sənəd xarici siyasətin əlaqələndirilməsinin və hərbi-siyasi əməkdaşlığın gücləndirilməsini, beynəlxalq terrorizmə qarşı mübarizədə qüvvələrin birləşdirilməsini, iqtisadi əməkdaşlığın qurulmasını və humanitar sahədə dialoqun genişləndirilməsini nəzərdə tutur.

Diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü (4 aprel) ilində Rusiya-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə qalxması kifayət qədər simvolikdir”, - deyə Rusiya XİN-in məlumatına qeyd olunub.