“Rusiya özünü gedən qatara çatdırmaq istəyir, Qarabağla bağlı...” - ŞƏRH
    • 7-12-2022, 15:29
    • 346

“Rusiya özünü gedən qatara çatdırmaq istəyir, Qarabağla bağlı...” - ŞƏRH

Dekabrın 5-də Rusiyada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrovla görüşü baş tutub. Görüşdə bir sıra məsələlər müzakirə olunub.

Bəs, bu görüşdən hansı nəticələr hasil olundu? 

Məsələ ilə bağlı politoloq Natiq Miri News24.az-a danışıb.

O bildirib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) yenidən aktivləşməsi fonunda Rusiyanın Qarabağdakı prosesləri öz nəzarətinə keçirmə əndişəsi var idi: “Rusiya gedən qatara özünü çatdırmaq istəyir. Buna görə də təcili qaydada Ceyhun Bayramov Rusiyaya dəvət olundu. 

Həmçinin Rusiya sülhməramlıları və Ermənistan - Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesi ilə bağlı müəyyən narahatlıqlar var. Rusiya və Azərbaycanın müəyyən məsələləri müzakirə etmələrinə ehtiyac yaranmışdı. Ona görə də bütün məsələlər, problemlər bu görüşdə əsas predmet olub. Əlbəttə ki, 10 noyabr sənədinin dördüncü maddəsi də müzakirə olunub. Ancaq bu fonda separatçı rejimə məxsus terrorçuların və Ermənistan qoşunlarının Qarabağdan çıxarılması ilə bağlı hələlik sözdən başqa heç nə yoxdur. Bundan əlavə, yeni çəkilən Laçın yolunda nəzarətin gücləndirilməsi məsələsi də bu görüşdə müzakirə edilib. Çünki Ermənistandan Qarabağa intensiv olaraq silahlar daşınıb. 

Digər bir fakt isə odur ki, Azərbaycanın faydalı qazıntıları Qarabağda istismar olunur və bunun başında separatçı rejimlə bərabər komandan Volkovun da adı hallandırılır. Fikrimcə, bu məsələlər də görüşdə yer alıb. Bunun nəticəsidir ki, artıq Ermənistanın Laçınla bağlanan sərhədində ilk gömrük postunun yaradılması razılaşdırılıb. Ancaq bu post Rusiyanın nəzarətində olacaq. Bu baxımdan yetərli deyil. Açığı, bundan sonra Rusiyanın sözünə güvənərək, Qarabağ və ya Ermənistanla bağlı hər hansı bir siyasətin aparılması doğru deyil. Çünki Rusiya həmişə almağa vərdiş edib, verməyə yox.  Bu görüşdə artıq Rusiya şirkətlərinin Qarabağın bərpasında iştirakı məsələsi də ciddi müzakirə predmeti oldu. Bütün kommunikasiyaların açılması məsələsi gündəmdə var. Rusiya istəyir ki, təkcə Zəngəzur dəhlizi yox, eyni zamanda Şimal-Cənub dəhlizinin açılması prosesi də tamamlansın”. 

Politoloq qeyd edib ki, dəhlizlər mövzusunda tələsməli deyilik: “Çünki bu məsələdən Azərbaycana düşmənçilik edən İran yararlanacaq. Zənnimcə, Rusiyanın maraqlarını hələlik havadan asılı vəziyyətdə qoymaq lazımdır ki, Qarabağdakı iddialarından əl çəksinlər. Bu görüş heç də bütün məsələləri həll etmiş kimi görünmür. İnanmıram ki, Azərbaycan Rusiyanın təqdim etdiyi sülh tələbini qəbul etsin. Çünki Azərbaycanın razılaşmadığı konkret müddəalar. Bu da “sülhməramlıların”ın uzun müddət Qarabağda qalmasını və Qarabağ məsələsinin müzakirəsini sonraya saxlanmasını özündə ehtiva edir. Ona görə də düşünürəm ki, bu məsələlər yəqin ki, yaxın zaman çərçivəsində ABŞ-ın təşəbbüsü ilə yeni bir görüşdə ciddi müzakirə obyekti olacaq. Çünki Rusiya həmişə zamana oynayıb, öz maraqlarını öndə tutub. İndiki vəziyyətdə Rusiya ilə hansısa məsələlərin müzakirəsinin və anlaşma olmasının bütövlükdə sülh prosesinə töhfə verəcəynə inanmıram”.