Saxta spirtli içkini necə tanımalı? - Mütəxəssis açıqladı
    • 9-12-2022, 13:49
    • 1 739

Saxta spirtli içkini necə tanımalı? - Mütəxəssis açıqladı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən monitorinq zamanı marketlərdə xeyli sayda saxtalaşdırılmış müxtəlif növ spirtli içki aşkarlanıb. Cari ilin noyabr ayı ərzində həyata keçirilən yoxlamalar zamanı 8 ticarət obyekti və 3 ictimai iaşə müəssisəsində, ümumilikdə, 406 ədəd saxta alkoqollu içki aşkar olunub.

Bəs, istehlakçı spirtli içkilərin saxta olduğunu necə müəyyən edə bilər?

Saxta alkoqollu içkiləri müəyyən etmək barədə News24.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, spirtli içkilər bazarı ölkənin ərzaq sektorunda  ən çox çirklənmiş seqmentlərindəndir: "Bu sahədə problemlər uzun illərdir mövcuddur. Saxta spirtli içkilər ən prestijli restoranlarda, şadlıq evlərində, marketlərdə də rast gəlinə bilər. Ən bahalı içki belə saxta ola bilər. Ən yaxşı market belə saxta alkoqollu içki sata bilər".  

O bildirib ki, vətəndaşlar saxta içkiləri müəyyən etmək üçün diqqətli olmalıdırlar: "İstehlakçılar bilməlidir ki, spirtli içkilərin qapağının üzərində aksiz markası olmalıdır. Azərbaycan əmtəə bazarında satılan və restoranlarda verilən spirtli içkilərin üzərində mütləq  Azərbaycan aksiz markası olmalıdır. Aksiz markası yoxdursa, bu içkilər birmənalı şəkildə saxtadır. Bəzən aksiz markaların da saxtası ilə qarşılaşırıq. Bu zaman vətəndaşlar həmin markanın üzərində Azərbaycan gerbinin olub-olmamasını yoxlamalıdır.

Spirtli içkilərin də digər ərzaq məhsullarında olduğu kimi istehsal və son istifadə tarixi olmalıdır. Araqları 1 ildən artıq saxlamaq olmaz. Bu müddət konyaklarda 3 il, şərabda isə 6 aydır. Ona görə də spirtli içkilərin üzərində bu iki tarixin olması çox vacib amildir. Lakin biz monitorinq aparan zaman görmüşük ki, ölkənin əmtəə bazarında satılan spirtli içkilərin üzərində sadaladığımız parametrlər yoxdur. Spirtli içki işi ilə məşğul olanlar öz mallarını ölməz hesab edirlər. İstehlakçılar arasında da illərdir səhv fikir yaradılıb ki, spirtli içki nə qədər çox qalsa, o qədər yaxşı olar. Bu fikir kökündən səhvdir. O fikir xüsusi qabda, xüsusi şəraitdə, xüsusi tempraturda saxlanılan içkilərə aiddir. Saxta içkidən insan ani zəhərlənə, kor ola bilər". 

E.Hüseynov istehlakçılara şübhəli içki görən zaman qiymətinə aldanmamağı tövsiyə edib: "Vətəndaşlar qətiyyən qiymətə aldanmasın ki, içki bahalıdırsa, yaxşı olar. Şübhəli içki görən şəxslər 1003 qaynar xətti ilə əlaqə saxlayıb AQTA-ya məlumat verə bilər".

Qumral Əliyeva