Azərbaycanda qadının vatsapını özünə yönləndirən şəxs tutuldu – İŞ AÇILDI
    • 12-12-2022, 16:42
    • 316

Azərbaycanda qadının vatsapını özünə yönləndirən şəxs tutuldu – İŞ AÇILDI

Hacıqabul rayonunda qonşusu və qohumu olan qadının telefonundakı “Whatsapp”nı özünə yönləndirən və onun şəxsi yazışmalarını ələ keçirərək yayan şəxsə cinayət işi açılıb.

News24.az əldə etdiyi məlumata görə, hadisə bu ilin may ayında rayonun Qarasu kəndində baş verib.

Həmin kənddə yaşayan 1998-ci il təvəllüdlü Elxan Hüseynov qonşusu və qohumu olan gənc qadının ərinə xəyanət etməsindən, başqası ilə münasibətdə olmasından şübhələnərək onu izləyib. Elxan qadının telefonunu ondan xəbərsiz götürərək onun "whatsapp" proqramını özünə yönləndirib. O, qohumunun başqa şəxslə yazışmalarının surətini çıxararaq onun ərinə və digər şəxslərə göstərib. Bundan sonra qadının ailəsində münaqişə baş verib və əri ondan boşanıb. Həmin qadın övladını götürərək Salyana anasıgilə köçüb. Daha sonra qadın onun telefonuna və şəxsi həyatına müdaxilə edən şəxsdən polisə şikayət edib.

24 yaşlı Elxanın barəsində Cinayət Məcəlləsinin 155 (Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma) və 156-cı (Şəxsi həyatın toxunulmazlığı) maddələri ilə iş açılıb. İşin materialları Hacıqabul Rayon Məhkəməsinə göndərilib. Məhkəməninin hökmü ilə Elxanın barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri və iki min manat miqdarında cərimə cəzası təyin edilib.

Taleh BAĞIROV