Erməni dezinfomasiya maşını yenidən işə düşür - ŞƏRH
    • 14-12-2022, 15:11
    • 296

Erməni dezinfomasiya maşını yenidən işə düşür - ŞƏRH

Ermənistan Xarici İşlər Nazirliyi 13 dekabr 2022-ci il tarixli, Şuşa-Laçın yolunda son vəziyyətlə əlaqədar Azərbaycan tərəfini ittiham edən bəyanat yayıb. Rəsmi İrəvan bəyanatda Azərbaycan tərəfini Laçın yolunu bağlamaqda və üçtərəfli bəyanatı pozmaqda ittiham edir. 

Diqqətçəkən məqam isə Ermənistan XİN-in bəyanatı ilə paralel, xaricdə fəaliyyət göstərən erməni diasporu və lobbisi də Laçın-Şuşa yolunun bir hissəsində “Ekoloji terrora son” şüarı altında keçirilən etiraz aksiyasının məğzini təhrif edən kampaniyaya başlamasıdır. 

Prinsip etibarilə həm Ermənistanın əsassız bəyanat irəli sürəcəyi, həm də erməni lobbisi və diasporunun xarici ölkələrdə aksiyaların məğzini təhrif edərək dezinfomasiyalar iddialar ilə çıxış edəcəyi gözlənilirdi. Bənzər prosesləri iki il öncə 44 günülk Vətən müharibəsi gedişində də müşahidə etdik. 

Misal üçün erməni lobbisi və diasporu artıq Avropanın və dünyanın bir sıra nüfuzlu təşkilatlarına, siyasi dairələrinə həqiqəti əks etdirməyən iddialar ilə müraciət edib. Diqqətçəkən məqam isə ermənilərin müraciətlərində qeyd etdikləri 44 günlük müharibə zamanı irəli sürdüyü “əsaslar” ilə eynilik təşkil etməsidir. Misal üçün “Xankəndinə qaz verilişi dayandırılıb”, “Enerji təchizatı, benzin və dizel yanacağı, zəruri ərzaq təminatı kəsilib”, “tibbi ləvazimatlar bir neçə günə qurtaracaq”, “İrəvana aparılması planlaşdırılan ağır xəstələr var” və s. Yəni nə iddialar dəyişib, nə prosesləri manipulyasiya etmək cəhdləri, nə də antiazərbaycan kampaniyaları. 

Ümumiyyətlə, Ermənistan 10 noyabr bəyanatının 4-cü bəndinə zidd olaraq silahlı qüvvələrini hələ də Azərbaycan ərazilərindən çıxarmayıb. Bəyanatın 6-cı bəndə zidd olaraq isə Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə edir. 9-cu bəndə zidd olaraq isə bölgədə bütün nəqliyyat-kommunikasiya yollarının açılmasına maneçilik törədir. 

Azərbaycan Qarabağda “humanitar fəlakət” törədir?

Erməni tərəfinin bu iddia ilə çıxış etməsinin əsas səbəbi Laçın yolunun bağlanmasıdır. Əslində isə Laçın yolu Azərbaycan tərəfindən deyil, ərazilərində müvəqqəti yerləşmiş Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. 

Bununla belə Azərbaycan tərəfi rəsmi şəkildə elan etdi ki, ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır.

O ki qaldı Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyasına, aksiyalar Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına və ekologiyaya dəyən zərərə haqlı narazılığının nəticəsidir.

Bakının cavab zərbəsi

Azərbaycan artıq erməni tərəfinin bu və ya başqa formada təxribatlarına, dezinformasiya yaymasına, hadisəni təhrif etməsinə alışıb. Buna görə də hər zaman erməni tərəfindən bir addım öndəyik. Məsələ ondadır ki, Bakı ermənilərin bu addımının qarşısını almaq üçün də müvafiq addımlar atıb.

Birincisi, yuxarıda da qeyd etdiyim kimi Bakı rəsmi şəkildə elan etdi ki, ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır. Bu ermənilərin Azərbaycan Qarabağda “humanitar fəlakət” törədir iddiasını çürütməyə kifayət edir. 

İkincisi, Azərbaycan ölkədə fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinə hadisə ilə bağlı lazımi məlumatları verib. Bu da öz növbəsində rəsmi Bakının İrəvanın yaratmaq istədiyi beynəlxalq təzyiqlərin qarşısını almağa yönəlib. 

Müəllif: Politoloq Turan Rzayev