Nikah yaşı birmənalı 18 qəbul EDİLƏCƏK
    • 20-12-2022, 13:09
    • 348

Nikah yaşı birmənalı 18 qəbul EDİLƏCƏK

Azərbaycan erkən nikahla bağlı olan bəzi istisna hallar aradan qaldırıla bilər.

News24.az xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova parlamentin dekabrın 20-də keçirilən plenar iclasında suallara cavabında deyib.

O qeyd edib ki, “Reprodiktiv sağlamlıq haqqında” qanun layihəsi Dövlət Komitəsinə rəy üçün gəlib və Komitə hazırda rəyi hazırlayır:
"Düşünürəm ki, bu qanun layihəsi ilə mövcud problemləri aradan qaldırmaq olar".

Erkən nikahla bağlı məsələyə gəlincə, komitə sədri xatırladıb ki, qanunvericiliyə görə həm oğlan, həm də qızlar üçün nikah yaşı 18-dir:
“18 yaşı tamam olmayanda yerli icra hakimiyyəti orqanlarının icazəsi ilə 17-18 yaş arasında müəyyən səbəblər nəzərə alınaraq nikah bağlamağa icazə verilir. Biz də bilirik ki, qanunvericilikdə həmin səbəblərin nədən ibarət olduğunun dairəsi göstərilmir. Ona görə də burada subyektiv yanaşma var. Bu səbəbdən bəzi hallarda neqativ hallar baş verir. 18 yaş yetkinlik yaş sayılırsa, burada hansısa güzəştin edilməsindən imtina etməliyik. Dövlət komitəsi bununla bağlı müəyyən təklif hazırlayıb qanunvericilik təşəbbüsü edib. Sizlərdən dəstək istəyirəm. Digər dövlət qurumlarında fərqli fikirlər var. Ümumilikdə istisna aradan qaldırılsa nikah yaşı yalnız 18 qəbul edilsə, bir sıra neqativ halların qarşısı alınacaq. Erkən nikah termini bununla da dilimizdən çıxacaq".