Bəxtiyar Hacıyevlə bağlı aksiya çağırışına – DİN-dən cavab
    • 22-12-2022, 13:04
    • 297

Bəxtiyar Hacıyevlə bağlı aksiya çağırışına – DİN-dən cavab

İctimai fəal Bəxtiyar Hacıyevin həbsinə etiraz əlaməti olaraq keçirilməsi planlaşdırılan aksiya ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

News24.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov Bəxtiyar Hacıyevin həbsinə etiraz əlaməti olaraq keçirilməsi planlaşdırılan aksiya ilə bağlı mətbuatın suallarını cavablandırıb.

O bildirib ki, aidiyyəti dövlət qurumları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsinə cəhd edilərsə, bu, qanunsuz hesab olunacaq və qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək.

“Kimliyindən asılı olmayaraq, razılaşdırılmadan aksiya təşkil edənlər qanunsuz aksiyanın iştirakçılarıdır. Ona görə də belə bir aksiyanın keçirilməsinə cəhd edənlərə qarşı da qanunsuz aksiya iştirakçısı kimi tədbir görüləcək” – deyə Ehsan Zahidov qeyd edib.

Qeyd edək ki, bir qrup şəxs sosial şəbəkələrdə çağırış edərək dekabrın 23-də Fəvvarələr meydanında aksiya təyin etdiklərini bildirib.


Xatırladaq ki, dekabrın 9-da Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Bəxtiyar Hacıyevin barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi başlanıb.