XİN-dən Dunya Miyatoviçə CAVAB
    • 23-12-2022, 11:58
    • 221

XİN-dən Dunya Miyatoviçə CAVAB

Avropa Şurasının İnsan Hüquqları üzə komissarı Dunya Miyatoviçin Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı bəyanatı qərəzli olmaqla yanaşı, yerdəki reallıqları əks etdirmir. Komissar görünür ki, növbəti dəfə ikili standart və selektiv yanaşma tətbiq etməkdədir.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin Avropa Şurasının İnsan Hüquqları üzə komissarı Dunya Miyatoviçin Laçın yolu ətrafında vəziyyət ilə əlaqədar bəyanatına dair şərhində bildirilir.


“Dunya Miyatoviçin həm keçmiş münaqişə dövründə yüz minlərlə azərbaycanlının acınacaqlı humanitar vəziyyətinə və insan haqlarına, həm də 2020-ci il müharibəsindən sonra Azərbaycana qarşı humanitar hüququn kütləvi pozuntularına diqqət yetirməməsi fonunda, Qarabağda yaşayan erməni sakinlərin hüquqlarına dair bəyanat verilməsi Miyatoviçin məsələlərə göstərdiyi qərəzin nümunəsidir. Eyni zamanda, 44 günlük müharibə müddətində beynəlxalq humanitar hüququ açıq şəkildə pozmaqla Ermənistanın törətdiyi hərbi cinayətləri, münaqişə zonasından xeyli kənar şəhərlərdə mülki əhaliyə qarşı hücumları, müharibədən sonra 276 azərbaycanlının mina qurbanı olması ilə nəticələnən mina təhdidlərini və bununla məcburi köçkünlərin evlərinə qayıtmasına törədilən maneələri Miyatoviçin göz ardına aldığı məlumdur. Bu xüsusda, komissarın sözügedən bəyanatı ən azı səmimiyyətdən uzaqdır.

Bununla yanaşı, Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının, bu sərvətlərin Azərbaycandan Ermənistana daşınması və yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə hallarının qarşısının alınması tələbi ilə Laçın yolunda dinc etirazlara Miyatoviç tərəfindən qərəzli mövqe nümayiş etdirilməsi anlaşılan deyil.

Bundan əlavə, komissara xatırlatmaq istərdik ki, bəyanatında bəhs etdiyi “Dağlıq Qarabağ əhalisi” anlayışı mövcud deyil. Keçmiş “Dağlıq Qarabağ”ın azərbaycanlı əhalisi məhz Ermənistanın bədnam etnik təmizləmə siyasəti nəticəsində bu ərazilərdən qovulub və hal-hazırda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan erməni sakinlər əhalinin bütün seqmentlərini təmsil etmir.

Xarici İşlər Nazirliyinin son bir neçə gün ərzində verdiyi bəyanatlarda qeyd edildiyi kimi, guya Laçın yolunun bağlanması, bölgədə “humanitar fəlakət” yarandığı barədə Miyatoviçin təkrarladığı iddialar eynilə əsassızdır. Yerli sakinlərin istifadəsi üçün malların tədarükü və ya zəruri tibbi xidmətlərin göstərilməsi ilə bağlı heç bir maneə yoxdur. Fakt budur ki, ötən günlərdə Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) konvoyları, erməni təcili tibbi maşınları daxil olmaqla, bir sıra nəqliyyat vasitələri heç bir maneə olmadan yoldan keçib. Azərbaycan hökuməti həmçinin erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazır olduğunu dəfələrlə bəyan edib.

Beləliklə də, Avropa Şurasının komissarı növbəti dəfə işinin müstəqilliyi və qərəzsizliyini şübhə altına alıb. Bununla yanaşı, komissarın bəyanatı bölgədə sülh və əmin-amanlığa töhfə vermir.

Bir daha, komissarı mandatının tələb etdiyi kimi qərəzsiz olmağa və Avropa Şurasının nüfuzuna xələl gətirəcək hərəkətlərdən və açıqlamalardan çəkinməyə çağırırıq”, açıqlamada deyilir.