2022-ci ildə bu məmurlar vəzifəsini itirdi - SİYAHI
    • 29-12-2022, 15:11
    • 900

2022-ci ildə bu məmurlar vəzifəsini itirdi - SİYAHI

2022-ci il bir sıra yüksək vəzifəli məmurların işdən azad edilməsi ilə də yadda qalıb. Bu il də ölkənin ən stajlı məmurları öz kresloları ilə vidalaşmalı olub.  

News24.az olaraq qərara gəldik ki, oxucularımıza həmin məmurların siyahısını təqdim edək.

Sabiq mədəniyyət naziri Anar Kərimov 2022-ci ildə vəzifəsindən azad edilən yeganə nazirdir. Hələ vəzifəsindən azad olunmamışdan bir neçə gün öncə bu haqda şayiələr yayılsa da, nazirlik qərarı dekabrın 22-si təsdiqlədi. Prezidentin 2020-ci il 20 iyul tarixli sərəncamlarına əsasən, Anar Kərimov mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi. Nazir postunda 1 ildən də az qalan A.Kərimov bu vəzifəyə 2021-ci ilin 5 yanvarında təyin olunmuşdu. 

Rövnəq Abdullayev də uzun illər rəhbər vəzifədə çalışan məmurlardan olub. O, 15 il rəhbərlik etdiyi SOCAR-ın prezidenti vəzifəsindən azad olunaraq, iqtisadiyyat nazirinin birinci müavini vəzifəsinə təyin edilib. Rövnəq Abdullayev 2005-ci ildən etibarən SOCAR-ın Prezidenti idi. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin sabiq prezidenti eyni zamanda oğlunun 1 milyonluq saatı ilə də xatırlanır. 

2022-ci il Səfər Mehdiyev üçün də düşərli olmadı. O, 2018-ci ildə təyin olunduğu Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən bu ilin iyulunda azad olunub. Səfər Mehdiyev 2022-ci ildə təkcə istefası ilə yox, həm də polisi təhqir etməsi ilə yadda qaldı. Sabiq sədr onu saxlayan polis əməkdaşlarına əsəbiləşərək, kobud bir şəkildə “Sən nə həyasız adamsan? Görmürsən, general-polkovnik Mehdiyevdir?" deyib.

3 il Azərbaycan Milli Elmlər Akademiyasına rəhbərlik edən Ramiz Mehdiyev bu ilin fevralında öz istefası ilə  tutduğu  vəzifədən ayrılıb. O, uzun illər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsini icra edib. İstefasından sonra Ramiz Mehdiyevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, alim və işçi heyətinə təzyiq göstərməsi iddiaları yayılmışdı.

11 aprel 2022-ci ildə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi müzakirə edildi. Daha sonra Elman Rüstəmov Baş nazir Əli Əsədovun müşaviri təyin edildi. Azərbaycan tarixində Mərkəzi Bankın ən uzunmüddətli rəhbəri olmuş Elman Rüstəmov vəzifədən getdikdən sonra onun əmlakı cəmiyyətdə müzakirə mövzusu oldu.

25 may 2022-ci ildə Prezident İlham Əliyev Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı. Digər sərəncamla Cavid Qəmbər oğlu Qurbanov Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini təyin edildi.

2022-ci ilin son və gündəmdən düşməyən istefa isə Vasif Talıbovdan gəldi. O, 27 il rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrliyindən istefa verdi. "Naxçıvan xanı" kimi ad çıxaran Vasif Talıbovun istefasıdan sonra onunla bağlı yeni faktlar ortaya çıxdı. Naxçıvana rəhbərlik etdiyi 27 il ərzində yaratdığı reallıqlar müzakirə mövzusuna çevrildi. Stajlı və “özəl” məmur Vasif Talıbovun istefasından sonra Naxçıvanda yeni yoxlamalara start verildi.

Qumral Əliyeva