Şöbə müdirinin evinə xəstə adı ilə giriblər - Qətlin təfərrüatı
    • 11-01-2023, 12:33
    • 2 249

Şöbə müdirinin evinə xəstə adı ilə giriblər - Qətlin təfərrüatı

Dünən saat 21:45 radələrində Yevlax şəhəri, Əhmədağa Baxşıyev küçəsində rayon xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun qətlə yetirilməsinin bəzi detalları üzə çıxıb.

News24.az  "Qafqazinfo"ya istinadən xəbər verir ki, ilkin araşdırmalar zamanı qətlin tamah məqsədilə törədilməsinə əsaslı şübhələr üzə çıxıb. Belə ki, Bəyaz Cabbarovun evinə gələn şəxslər qonşu mənzilin müşahidə kamerasına düşüblər.

Kamera görüntülərindən 3 nəfər şəxsin xəstə adı ilə 65 yaşlı B.Cabbarovun evinə gəldiyi, qapının açılmasından sonra onlardan birinin çöldə qalaraq elektrik sayğacından evin işiğını kəsdiyi məlum olub. Xəstə adı ilə evə daxil olan şəxslərin isə həmin vaxt B.Cabbarova hücum edərək ona 20-yə yaxın bıçaq xəsarəti yetirdiyi və mənzildə axtarış apardığı bildirilib.
Hadisə zamanı mərhum həkimin gəlini və nəvələri də evdə olub, onların köməkliyi ilə B.Cabbarov xəstəxanaya aparılsa da, vəfat edib.
Hazırda qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Qeyd edək ki, 65 yaşlı B.Cabbarov 2017-ci ildən Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri işləyib.