Müharibə içində müharibə başladı – Putinlə ən yaxın adamı ÜZ-ÜZƏ
    • 15-01-2023, 12:33
    • 512

Müharibə içində müharibə başladı – Putinlə ən yaxın adamı ÜZ-ÜZƏ

Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin birinci ilini başa vurmaq üzrə olduğu bir vaxtda Rusiyada müharibə daxilində müharibə başlayıb.

Kremllə muzdlu “Vaqner” ordusu arasında nüfuz münaqişəsi artır.

Ukraynanın Solidar şəhərini ələ keçirdiyini iddia edən muzdlu “Vaqner” qruplaşmasının başçısı Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini qələbəni oğurlamaqda ittiham edib. Priqojinin Rusiyanın daxili siyasətinə girmək istədiyi bildirilir.

Rusiya Müdafiə Nazirliyi ilə “Vaqner” arasında “döyüş” ötən ilin payızında Luqansk vilayətində Ukrayna ordusunun uğurlu əks-hücumları ilə başlayıb.

Priqojin Rusiyanın rəsmi ordusunu səriştəsizlikdə ittiham edib. 

“Kreslolarını qoruyub saxlamağa çalışan hərbi bürokratiya “Vaqner” sözünü işlətmək istəmir. Cəbhədəki uğurlarımızı görməzdən gələrək, Solidar qələbəsini oğurlamaq istəyirlər” – Priqojin deyib.
Priqojinin bu çıxışı ilə bağlı Rusiya Müdafiə Nazirliyi yeni açıqlama verib. Yanvarın 14-də Solidarın Rusiyanın nəzarətində olduğunu bildirən Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub: “Əməliyyatın müvəffəqiyyəti Rusiya ordusunun Ukrayna mövqelərinə açdığı amansız artilleriya və raket atəşləri sayəsində mümkün oldu. “Vaqner” qrupu da Solidarın ələ keçirilməsinə əhəmiyyətli töhfə verdi”.

 Qeyd edək ki, “Putinin aşpazı” və ən yaxın adamlarından biri kimi tanınan Priqojinin ulduzu qurduğu “Konkord” şirkəti ilə parlayıb. O, rus ordusunu ərzaqla təmin etmək işini öz üzərinə götürüb.
Rusiyanın ikinci böyük şəhəri Sankt-Peterburqdan olan biznesmen Putini 1990-cı illərdən, bələdiyyə idarəsində işlədiyi vaxtlardan tanıyır.

Priqojinin adı 2010-cu illərə qədər Qərb mediasında “troll fabriki” dezinformasiya bölməsi tərəfindən tez-tez xatırlanırdı. ABŞ-ın xüsusi müşaviri Robert Mueller tərəfindən aparılan araşdırmaya görə, “troll fabriki” Rusiyanın ABŞ prezident seçkilərinə müdaxilə cəhdinin bir hissəsidir. Həmin vaxt Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi iddiası günlərlə müzakirə edilsə də, Moskva bu iddiaları təkzib etmişdi.

“Vaqner” özəl hərbi birləşməsinin yaradıcısı və sahibi olan Yevgeni Priqojin Ukrayna müharibəsinin önündə olduğunu bəyan edib.

62 yaşlı Priqojinin son çıxışları ilə Rusiya müdafiə naziri postuna can atdığı və hətta Rusiyanın daxili siyasətinə daxil olmaq istədiyi bildirilir. /musavat.com