Anar Məmmədovun məşhur göydələni sökülür, yoxsa… - FOTO
    • 25-01-2019, 13:21
    • 1 335

Anar Məmmədovun məşhur göydələni sökülür, yoxsa… - FOTO

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu, "Garant-Holdinq”in prezidenti Anar Məmmədovun Bakıdakı 33 mərtəbəli hoteli ilə bağlı yeni xəbər var. 

Ötən ilin aprelində yanğın olan apartamentin fasadı tam dəmir çərçivələrə alınıb.

Nəsimi rayonunda, Həsən Əliyev küçəsində tikilmiş apartamentin fasadı tam dəmir çərçivələrə alınıb. Müşahidə onu göstərir ki, adətən bu cür dəmir çərçivələr binaların fasadları dəyişdirilərkən qurulur. Məlumdur ki, hotelin üst qatında yanğın olduğundan bəzi hissələr yararsız hala düşüb.

Hələ bir müddət əvvəl belə iddialar vardı ki, Məmmədovlar Bakıdakı "Yelkən-hotel”i (əvvəlki adı "Trump Tower Baku”) Türkiyədən olan bir iş adamına satıb. Yelkən formasında tikilən bina 72 apartament və 189 hotel otağından ibarətdir. Sahələri 84-dən 890 kvadrat metrədək dəyişən 70-dən çox apartamentin uzunmüddətli icarəyə verilməsi nəzərdə tutulurdu. Hotelin ərazisində qapalı hovuzlu SPA-kompleks, fitnes mərkəzi, biznes mərkəzi və təmtəraqlı restoran inşa olunub. Hotelin birinci mərtəbəsində konfrans zalı, nahar zalı və bar, 500 kvadrat metr sahəsi olan qəbul zalı yerləşir. Tikilinin dizaynı mənzil qərargahı Londonda yerləşən "Mixity Design Ltd” şirkəti tərəfindən hazırlanıb. Hotelin əsas səhmdarlarından biri rəsmi olaraq Anar Məmmədovdur və 2008-ci ildə başlayan tikintini də onun şirkəti həyata keçirib.


Hotelin hələ 2015-ci ildə Avropa Oyunları ərəfəsində istifadəyə veriləcəyi məlum idi, bu barədə rəsmi mənbələr hələ bir il əvvəl məlumat yaymışdı. Gözlənilirdi ki, Bakıya xüsusi bir yaraşıq verən bu hotel Avropa Oyunlarınadək istifadəyə veriləcək. Avropa Oyunları o zaman hələ "Trump Towers” adlanan bredin həm tanınması, həm də təbii ki, qazanc əldə etməsi üçün yaxşı şans yaradırdı. Amma hotelin bəxti o bağlanan bağlandı. Bir müddət sonra Z.Məmmədov görəvindən alındı, Anar Məmmədov isə Bakını birdəfəlik tərk etdi. 

Az qala 4 ildir ki, eyni vəziyyətdə qalan hotelin fasadında xüsusi qurğuların quraşdırılması, ümumiyyətlə, hotelin sökülə biləcəyi ilə bağlı xəbərləri yenidən aktuallaşdırıb. Bildirilir ki, o istiqamətdə yolun genişləndirilməsi nəzərdə tutulur. Bu göydələnin strateji baxımdan uyğun olmayan yerdə tikilməsi nəqliyyatın hərəkətini məhdudlaşdırır. Amma hazırda binanın təmirə hazırlandığı, yoxsa söküləcəyi haqda "Garant-Holdinq”dən heç bir şərh almaq mümkün deyil.

Məmmədovların hökmranlığına birdəfəlik son qoyulduğu və bir daha əl-qollarını aça bilməyəcəklərini nəzərə alsaq, onların hoteli satdıqları variantı daha inandırıcı görünür. Mümkündür ki, yeni sahib də Məmmədovları xatırladan fasadda dəyişiklik etmək istəsin.

Yada salaq ki, Məmmədovlara məxsus Qubadakı beşulduzlu "Quba Rixos” hoteli ötən il rebrendinq edilib. Hotel 2018-ci il aprelindən "Quba Palace” adı ilə fəaliyyətə başlayb. 

Qeyd edək ki, Azərbaycanda ilk və yeganə qolf meydançasına malik keçmiş "Rixos” hotel kompleksi 2013-cü ildə istifadəyə verilib.

//MinvalAz