Sumqayıtda gedişhaqqının 20 qəpik artırılması ilə bağlı - Açıqlama
    • 4-02-2023, 10:45
    • 222

Sumqayıtda gedişhaqqının 20 qəpik artırılması ilə bağlı - Açıqlama

Sumqayıtda bəzi marşrut xətlərində süni qiymət artımına yol verilməsi barədə məlumatlar yayılıb.

News24.az xəbər verir ki, sərnişinlərin “Qafqazinfo”ya bildiriyinə görə, gedişhaqqı Tarif Şurasının qərarına uyğun olaraq 10 qəpik deyil, 20 qəpik artırılıb.

Sözügedən artım Sumqayıtdan qəsəbələrə işləyən avtobuslarda müşahidə olunub. Sakinlər qeyd ediblər ki, 3, 9, 12 və 30 nömrəli marşrut avtobuslarından istifadə edən sərnişinlərdən 50 qəpik ödəniş tələb olunub. Halbuki indiyədək gedişhaqqı məbləği 30 qəpik olub.

Problemlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sözügedən marşrutlarda sui-istifadə hallarına yol verilməməsi üçün məlumatlandırma işləri aparılır: “Sumqayıt şəhərinin 3, 9, 12 və 30 nömrəli marşrut avtobuslarında sərnişindaşımada ikili tarif tətbiq olunur. Məsafədən asılı olaraq avtobusda şəhərdaxili qiymət 40 qəpik, şəhərətrafı qiymət isə 50 qəpik səviyyəsində müəyyən edilib. İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi barədə Tarif Şurasının qərarının icrasının təmin edilməsi və tariflərin tətbiqi zamanı sui-istifadə hallarına yol verilməməsi məqsədilə AYNA tərəfindən Sumqayıt şəhərinin sözügedən 4 şəhərətrafı marşrutu üzrə məlumatlandırma işləri aparılır”.

AYNA daşıyıcılara süni qiymət artımına yol verməmələri barədə xəbərdarlıq edildiyini vurğulayıb.