Göygöldə turizm zonalarını çirkləndirənlər cərimələnib
    • 5-02-2023, 12:30
    • 256

Göygöldə turizm zonalarını çirkləndirənlər cərimələnib

Göygöldə turizm zonalarını çirkləndirənlər cərimələnib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan News24.az-a verilən məlumata görə, Göygöl rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xüsusilə turizm zonalarının ərazilərində məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

Sonuncu belə monitorinq zamanı rayon ərazisində fəaliyyət göstərən 5 iaşə obyektinin ərazisində məişət tullantılarının qalaqlanması və təyin olunmayan yerdə toplanması faktları aşkar olunub. Ərazi təmizəndikdən sonra obyektlərin icarədarları ilə profilaktiki söhbət aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (İstehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) maddəsi ilə protokol tərtib olunaraq məsuliyyətə cəlb olunub.

Bundan başqa, polis əməkdaşları qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə də şəhər ərazisində reyd keçirib. Keçirilən tədbirlər zamanı xüsusilə də səkilərdə piyadaların hərəkətini çətinləşdirən, natəmizlik yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb.

Polis əməkdaşları həmin şəxslərlə maarifləndirici söhbətlər aparıb və yalnız müəyyən edilən yerlərdə bu fəaliyyətlə məşğul olmalarının vacibliyini onların diqqətinə çatdırıblar. Monitorinq zamanı qanunsuz küçə ticarəti ilə məşğul olan 21 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

Ümumilikdə keçirilən tədbirlər nəticəsində 40 nəfər barəsində inzibati tədbir görülüb.