Xəsarət alanlar arasında azərbaycanlılar da var — SƏFİRLİK
    • 6-02-2023, 15:31
    • 263

Xəsarət alanlar arasında azərbaycanlılar da var — SƏFİRLİK

6 fevral 2023-cü il tarixində Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində Operativ Qərargah yaradılıb. Operativ Qərargah Azərbaycan Respublikasının İstanbul və Qars şəhərlərindəki Baş Konsulluqlarında yaradılmış Operativ Qərargahlarla əlaqəli şəkildə zəlzələdən zərərçəkmiş Azərbaycan Respublikası vətəndaşlarını müəyyənləşdirməkdədir.

Bu barədə News24.az-a Azərbaycanın Türkiyədəki səfirliyinindən məlumat verilib. 

Səfirlik Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi, AFAD, digər əlaqədar dövlət qurumları, eləcə də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Türkiyəyə yardıma gəlmiş nümayəndə heyəti ilə daimi operativ əlaqə saxlayır.

Bildirilib ki, səfirliyin qaynar xətt nömrələrinə Türkiyədə yaşayan və müvəqqəti burada olan  Azərbaycan vətəndaşları və onların yaxınlarından müraciətlər daxil olmaqdadır. Zəlzələnin baş verdiyi hər bölgə üçün Səfirliyin 1 əməkdaşı ayrılıb və bütün müraciətlər sistemləşdirilir. Səfirlik daxil olmuş və əldə edilmiş bütün məlumatları araşdırır. Xəsarət alan və evləri yararsız hala düşmüş vətəndaşlarla bağlı müəyyən məlumatlar mövcuddur.

Zərərçəkənlərin sayı müəyyən edildikdə bununla bağlı ətraflı məlumat veriləcək.

Zərərçəkən vətəndaşlarımızdan və ya onlar barədə məlumatlı olan şəxslərdən +90 535 577 61 68 qaynar xətti vasitəsi ilə Səfirliklə əlaqə saxlamaları xahiş olunur.