Heyvanlar zəlzələləri qabaqcadan hiss edə bilirlərmi? - MARAQLI ARAŞDIRMA
    • 15-02-2023, 11:06
    • 685

Heyvanlar zəlzələləri qabaqcadan hiss edə bilirlərmi? - MARAQLI ARAŞDIRMA

Dünyada hər il 500 minə yaxın zəlzələ qeydə alınır və onlardan 100-ə yaxını dağıntılara səbəb olur. Seysmoloqlar deyirlər ki, növbəti zəlzələnin harada və nə vaxt baş verəcəyini dəqiq bilmək mümkün deyil.

News24.az xəbər verir ki, buna görə də heyvanların potensial erkən xəbərdarlıq sistemi kimi istifadəsi həmişə cəlbedici səslənir. Ancaq bu fikir o qədər də yeni deyil. Eramızdan əvvəl 370-ci ildə Roma yazıçısı Aelian zəlzələdən əvvəl ilanların, siçovulların və həşəratların Helike şəhərini tərk etdiyini qeyd edib. 

1975-ci ildə 7,3 bal gücündə zəlzələdən əvvəl qış yuxusuna gedən ilanların Çinin Haysenq şəhərini tərk etdiyi bildirilir. 2016-cı ildə Oklahomada baş verən zəlzələdən əvvəl minlərlə quş şəhəri tərk edib.

"EuroNews Türkiyə"də yayımlanan məqaləyə görə, elm adamları heyvanların zəlzələni saniyələr və ya dəqiqələr əvvəl hiss etdiklərini bildiriblər.

Zəlzələnin mərkəzindəki təkanlar şok dalğaları kimi yayıldıqca, heyvanların onları hiss etmə ehtimalı daha yüksəkdir. İnsanlar isə ilk dalğaları ümumiyyətlə hiss etmirlər.

Məsələn, fillər və quşlar çox aşağı tezlikli səsləri və sarsıntıları, gəmiricilər isə insan qulağına çatmayan parçalanmış qayalardan çıxan yüksək tezlikli dalğaları eşidə bilirlər.

Uzun illərdir ki, insanlar arasında kənd təsərrüfatı və ev heyvanlarının zəlzələni saatlar öncədən hiss edərək anormal davranışlar nümayiş etdirdiyinə dair ümumi bir inanc var.

Lakin tədqiqatçılar bunun xəbərdarlıq sisteminə çevriləcəyini düşünmürlər. 2018-ci ildə Amerika Seysmoloji Cəmiyyətinin Jurnalında dərc edilən məqalədə bu sahədə əvvəlki 180 araşdırmanın heyvanların anormal davranışı ilə zəlzələlər arasında əlaqə yaratmaq üçün kifayət etmədiyi irəli sürülüb.

Alman alimləri tərəfindən aparılan və 2020-ci ildə nəşr olunan bir araşdırma bu inancı dəstəkləyən nəticələr əldə edib.

Konstanz Universiteti və Maks Plank Heyvan Davranışı İnstitutu tərəfindən aparılan araşdırmada zəlzələlər baxımından çox aktiv bir bölgə olan Şimali İtaliyada heyvanlar izləmə cihazına bağlanaraq davranışları izlənilib.

Zəlzələlərdən əvvəl anormal davranışlar nümayiş etdirən 6 inək, 5 qoyun və 2 itin davranışları aylarla izlənilib.

Bu müddət ərzində bölgədə 18 min zəlzələ qeydə alınıb. Onların əksəriyyəti şiddət baxımından son dərəcə kiçik olsa da, 12-si Rixter şkalası üzrə 4-dən yuxarı olub. 

Tədqiqatçılar yalnız fermada hiss oluna bilən sarsıntıları nəzərə almağa qərar veriblər. Bu yeraltı təkanlar heyvanların fəaliyyəti ilə müqayisə edilib.  Heyvanların zəlzələlərdən 20 saat əvvələ qədər anormal davranışlar göstərdiyi bəlli olub. 

Bundan əlavə, zəlzələnin episentrindən uzaqlığa görə davranışın dəyişdiyi müşahidə edilib.

Tədqiqatçılar vurğulayıblar ki, sarsıntının mərkəzi yaxınlaşdıqca davranışdakı anormallıq daha erkən başlayır.

Tədqiqatın maraqlı tərəfi odur ki, heyvanları ayrı-ayrılıqda tədqiq edərkən fərq edilə bilməyən dəyişikliklər, kollektiv olaraq nəzərdən keçirildikdə daha qabarıq şəkildə özünü büruzə verirdib.

Heyvanların zəlzələləri öncədən hiss etmə səbəbləri hələ də müəyyən edilməyib.

Ancaq bir nəzəriyyələrdən biri süxurlar arasında təzyiq dəyişiklikləri nəticəsində havada yaranan ionlaşmanı heyvanların kürkləri sayəsindhiss edə bilməsidir.

Digər alternativ odur ki, heyvanlar zəlzələlərdən əvvəl kvars kristallarından ayrılan qazların iyini hiss edə bilirlər. /CNN Türk/

Teymur MƏMMƏDOV