Yeni fərman neçə şəhid ailəsinə aiddir? - Nazirlik açıqladı
    • 28-01-2019, 16:17
    • 796

Yeni fərman neçə şəhid ailəsinə aiddir? - Nazirlik açıqladı

Prezident İlham Əliyevin yeni Fərmanı ilə birdəfəlik ödəmələr artıq 12268 şəhidin vərəsələrini əhatə edir və ödəniləcək vəsaitin həcmi 135 milyon manata çatır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, 2018-ci ildə keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı ilk Fərman şəhid ailələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı olub ki, bu da həmin ailələrin sosial müdafiəsinin yaxşılaşdırılmasının dövlət başçısının uğurlu siyasətinin başlıca məqsədlərindən biri olduğunu bir daha təsdiq edib, ictimaiyyət tərəfindən böyük rəğbət və məmnunluqla qarşılanıb.

Ötən dövrdə 3100 şəhid hərbi qulluqçunun 4200-ə qədər vərəsəsinə birdəfəlik ödəmə həyata keçirilib, bu istiqamət üzrə 34 milyon manat vəsait ödənilib. Hazırda 6444 şəhidin vərəsələrinə ödənişlər davam etməkdədir.

Prezidentin bu gün imzaladığı Fərmanla birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişlənib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin (o cümlədən 11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Yeni Fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur.

Azərbaycan Respublikasının Prezidentinin mühüm sosial əhəmiyyət kəsb edən və şəhid ailələrinə böyük diqqət və qayğının növbəti təcəssümü olan 28 yanvar 2019-cu il tarixli Fərmanı yüksək səviyyədə icra ediləcəkdir.


//Azxeber