Azərbaycan xilasedicisi:
    • 16-02-2023, 15:55
    • 180

Azərbaycan xilasedicisi: "Dağıntılar altından çıxartdığımız qadın hansı şəhərdə olduğunu soruşdu”

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı hər gün dağıntılar altından insanların meyitləri çıxarılmaqda davam edir. Artıq hadisədən 11 gün keçməsinə baxmayaraq, dağıntılar altından möcüzəli şəkildə xilas edilənlər də olur. Onlar günlərlə ac-susuz, çarəsiz vəziyyətdə çoxmərtəbəli binaların ağır daşları altında qalaraq kömək gözləyiblər. Yaralıları, həlak olanları dağıntılar altından çıxaran xilasedicilər isə dayanmadan gecə-gündüz, sürətlə və ehtiyatlı şəkildə axtarışlar aparırlar. Çalışırlar ki, dağıntılar altında qalmış sağ şəxsləri tez bir zamanda sağ-salamat çıxarsınlar. Həmin xilasedicilərdən biri - Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin qrup rəisi baş leytenant Teymur Cəbiyevdir.

O, ilk gündən Türkiyənin Kahramanmaraş şəhərində axtarış-xilasetmə işlərinə cəlb edilib. FHN zabiti rəhbərlik etdiyi qrupla birgə şəhərin müxtəlif nöqtələrində axtarış əməliyyatlarında iştirak edib, canlı və cansız insan bədənlərini dağıntılar altında aşkarlayaraq çıxarıb.

Teymur Cəbiyev “Report”un Türkiyəyə ezam olunmuş əməkdaşına deyib ki, Azərbaycanın xilasediciləri bir neçə gün əvvəl dağıntılar altından ağırçəkili qadın çıxarıblar.

O, qadının xilas edilmə anından danışarkən bildirib ki, bu əməliyyata təxminən 3 saata yaxın vaxt sərf olunub:

“Bildiyiniz kimi, Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Türkiyənin Kahramanmaraş şəhərində günün 24 saatı axtarış-xilasetmə əməliyyatlarını həyata keçirirlər. Çalışırıq ki, dağıntılar altında qalmış şəxsləri sağ-salamat çıxaraq, aidiyyəti üzrə təhvil verək. Biz qardaş Türkiyənin hər dərdinə şərikik. Qrupumuz bir neçə gün əvvəl Kahramanmaraşda dağıntılar altında qalmış şəxsi sağ çıxartdı. O, 56 yaşlı ağırçəkili qadın idi. Qadının təxminən 150 kq çəkisi vardı. Ərazidə ekskavator işləyən zaman onun dağıntılar altından səsini eşitdik. Tez texnikanın işini dayandırdıq, orada axtarışlara başladıq və qadının dağıntılar altında olduğunu aşkarladıq. Ərazidə təxminən 3 saata yaxın işlədik və onu dağıntılar altından çıxara bildik. Orada yer çox dar idi və çıxılmaz bir vəziyyətdə idi. Həmin vaxt daşları əlimizlə yığıb, vedrəyə dolduraraq çölə çıxarırdıq. Qadının ayağı daşların arasında sıxılmışdı”.