Türkiyə mediası:
    • 16-02-2023, 17:42
    • 213

Türkiyə mediası: "Azərbaycan könüllüləri harada ehtiyac var, ora qaçır"

Türkiyənin 10 vilayətində baş vermiş dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə bütün dünyada humanitar səfərbərlik davam edir.

News24.az  xəbər verir ki, onlarla ölkədən göndərilən yardımlar qardaş ölkədə təbii fəlakət qurbanlarına maddi kömək olmaqla yanaşı, bütün türk xalqı üçün vacib mənəvi dəstək olub. Azərbaycanda faciənin ilk günlərindən həm hökumət, həm də xalq səviyyəsində başladılan humanitar yardım kampaniyaları Türkiyə mediasının diqqət mərkəzindədir.
Anadolu xəbər agentliyi Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin təxliyədən imtina edərək könüllü şəkildə xilasetmə işlərinə dəstək verməsindən bəhs edən məqalə dərc edib. Məqalədə qeyd olunub ki, Kahramanmaraşdakı Sütçü İmam Universitetində doktorantura təhsili alan azərbaycanlı tələbə Elxan Qurbanlı təxliyə avotobusu ilə Kahramanmaraşdan yola salınsa da, Ankarada fikrini dəyişərək geri qayıdıb və könüllü olaraq zəlzələ qurbanları üçün yemək bişirən komandaya qoşulub.

Məqalədə qeyd olunub ki, Kahramanmaraşda azı 15 azərbaycanlı tələbə və müəllim zəlzələ qurbanlarına müxtəlif yollarla yardım etmək üçün könüllü fəaliyyət göstərirlər. Yazıda Azərbaycanın Türkiyəyə göndərdiyi 745 xilasedicinin 53 nəfəri dağıntılar altından sağ çıxardığı, 700 nəfərin isə meyitini təhvil verdiyi qeyd olunub.

“Sabah” qəzeti də azərbaycanlı könüllülərin fəaliyyəti ilə bağlı geniş yazı dərc edib. Məqalədə qeyd olunub ki, Azərbaycanın yardımı sadəcə göndərdiyi axtarış-xilasetmə qrupları ilə bitməyib. Vurğulanıb ki, Azərbaycan Gənclik Vəqfinin (TÜGVA) üzvü olan 100 gənc Kahramanmaraşda könüllü fəaliyyət göstərir, zəlzələ qurbanı olan uşaqlarla vaxt keçirir, insanların dərdinə şərik olaraq onlara mənəvi dəstək verir:

“Harada ehtiyac varsa, oraya qaçan azərbaycanlı gənclər iki dövlət, bir millət olduğumuzu bir daha bütün dünyaya göstərir”, - deyə materialda qeyd edilib.

“Bursahakimiyet” saytında isə Azərbaycandan Türkiyəyə göndərilmiş qida, paltar, yataq dəstlərinin arasından tapılan təsirli qeydlərin duyğulu anlara səbəb olduğu qeyd edilib. Məqalədə Reyhan adlı Azərbaycanlı qızın türkiyəli zəlzələ qurbanı uşaqlara müraciəti dərc edilib:

“Salam, uşaqlar. Mənim adım Reyhandır. Azərbaycanlı qızam. İnşallah siz də evinizə qayıdarsınız. Allahım sizləri qorusun”.

Yazıda Malatya bölgəsi üzrə milli təhsil müdiri Haticə Özdəmirin Azərbaycandan gələn qeydlərin və məktubların duyğulu anlar yaşatdığı qeyd edilib.

“Azərbaycandan gələn qeydlər, məktublar bizi çox duyğulandırdı. Zatən bilirik ki, Azərbaycan bizim qardaşımızdır. İnsanlar cehizindəki əşyalarını göndərib, kiçik bir uşaq vaflisini göndərib, bunlara qeydlər əlavə edilib. Bu böyük bir fəlakətdir, amma Türkiyə Cümhuriyyəti olaraq bu birlik və güclə bunun öhdəsindən gələcəyik”, - deyə məqalədə qeyd edilib.

“Hürriyet” qəzetində dərc edilmiş yazıda Azərbaycandakı türkiyəli iş adamları tərəfindən Türkiyəyə 135 TIR yardım göndərildiyi, qida və su yüklənmiş 26 vaqonluq yardımın isə dəmir yolu ilə bu gün yola salınacağı bildirilib.