Böyük Azərbaycan Partiyası fəaliyyətini dayandırır? - Partiya sədrindən AÇIQLAMA
    • 20-02-2023, 16:25
    • 308

Böyük Azərbaycan Partiyası fəaliyyətini dayandırır? - Partiya sədrindən AÇIQLAMA

"Bu gün bizim partiya öz fəaliyyətini davam etdirir".

Bu fikirləri News24.az-a açıqlamasında Böyük Azərbaycan Partiyası sədri Elşad Musayev partiyasının bağlanmasına dair yayılmış fikirlərə münasibət bildirərkən deyib. Partiya sədri yayılan informasiyaların reallığı əks etdirmədiyini diqqqətə çatdırıb:

"Bu, yalan informasiyadır. Partiyamız fəaliyyəti niyə dayandırmalıdır ki?! Biz istəsək 5 min yox, 10-15 min də üzv toplamağa qadirik. Bu istiqamətdə ciddi işlər gedir. Partiyamızın çox ciddi sosial bazası var və Azərbaycanın bütün bölgələrindən üzv toplamağa qadirik. Bu qədər iş gedir. Sadəcə mənim səhhətimdə ciddi problemlər yaranmışdı. Ona görə də, bu barədə mətbuata açıqlama vermədim. Əgər bir siyasətçi gündəmə çıxmırsa, adam gərək maraqlana! Niyə bu qədər yalan informasiya yayırlar?! Biz o barədə nə gündəm yaratmaq istəmirik, nə də kimləsə birləşmək fikrimiz yoxdur! Bizim əsas işimiz odur ki, təşkilatı struktumuzu gücləndirək. Partiyamızın adını Böyük Azərbaycan qoyanda çoxları bunu qəbul etmirdi, ancaq indi hamı Böyük Azərbaycandan, Bütöv Azərbaycandan danışır. Demək ki, strateji baxımından daha düzgün fikirləşirik. Bu baxımdan bizim partiya qeydiyyatdan keçib və qurultayımızı da keçirmişik. İndi yeni qanun qəbul olunub, qanunla bağlı mövqelərimizi açıq-aşkar ortaya qoymuşuq, tənqidi fikirlərimizi, təkliflərimizi də söyləmişik. Fakt indiki məqamda qanuni struktur formalaşmalıdır. Onun üçün də heç bir problemimiz yoxdur və partiyamızın fəaliyyətini dayandırması ilə bağlı yayılan informasiyalar4 da həqiqəti əks etdirmir".


Qeyd edək ki, mətbuata yayılan məlumata görə, bəzi partiyalar fəaliyyətini dayandıracaq. Onların  arasında Sosial Rifah Partiyası, Böyük Azərbaycan Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azad Demokratlar Partiyası və Azadlıq Partiyasının adı çəkilir. 

Aynurə FATEH