Quru sərhədlər bu tarixdə açıla bilər – Vahid Əhmədovdan AÇIQLAMA
    • 22-02-2023, 12:05
    • 369

Quru sərhədlər bu tarixdə açıla bilər – Vahid Əhmədovdan AÇIQLAMA

“Birincisi, ölkədə xəstəlik kifayət qədər artıb. Söhbət təkcə koronovirusdan getmir. Əlavə virus da yayılıb. Bu, ciddi problemdir. Əhalinin əksəriyyəti xəstəliyə yoluxub. Özü də müəyyən qədər keçici xəstəlikdir. Deyirlər ki, soyuqdəymədir, amma insanlar çox çətin keçirirlər. Hətta uşaqlar da bu xəstəliyi ağır keçirirlər. Ola bilər, xüsusi karantin rejiminin mayın 1-nə qədər uzadılması bununla əlaqədardır”.
 
News24.az xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
 
Deputat bildirib ki, karantin rejimi uzadılsa da, bunun ölkə daxilində insanlara heç biri təsiri yoxdur: “Yalnız sərhədlə əlaqədar problem var, digər məsələlərdə ciddi problem yoxdur. Belə fikirləşirəm ki, quru sərhədlər, təxminən, may ayında açılar. Çünki sərhədlərin açılması çox vacibdir. Xaricdə yaşayan insanlarımız ölkəyə gələ bilmirlər, xeyir-şər işləri olanda, problemlər yaranır. Ona görə də sərhədlərin açılmasına ehtiyac var. Nə qədər tez açılsa, bir o qədər yaxşı olar. Amma hökumətin də özünün arqumentləri var. Ona görə də hələlik gecikdirirlər…”
 
V.Əhmədov quru sərhədlərin təhlükəsizlik məqsədilə açılmaması barədə səslənən fikirlərə də münasibət bildirib: “Əlbəttə, bu da var. Çünki İranla Azərbaycanın münasibətləri bəllidir. Qarabağda problem yaradırlar, bu da məlumdur. İki aya yaxındır ki, artıq bizimkilər Şuşa-Xankəndi yolundadırlar. İkincisi də, Rusiya-Ukrayna müharibəsi davam edir və hələ sonu görünmür. Yəni problem kifayət qədər böyükdür. Bölgə də həssas bölgədir. Təhlükəsizlik problemlərini həll etmək elə də asan məsələ deyil. Sərhədlərin açılmamasına səbəb bu da ola bilər. Bütün bunların hamısına hökumətdə kompleks şəklində baxılır, qərarlar verilir. Düzdür, sərhədin açılması vacibdir, digər tərəfdən problemlər var, ona görə də sərhədlərin açılması o qədər də sərf etmir”.