Uşaqlarda bağırsaq funksiyasının pozulmasının səbəbləri açıqlandı
    • 24-02-2023, 16:30
    • 243

Uşaqlarda bağırsaq funksiyasının pozulmasının səbəbləri açıqlandı

"1 yaşadək uşaqların suya olan tələbatları böyüklərdəki kimi deyil. Belə ki, suyun artıq verilməsi bu yaş qrupunda olan uşaqlara müəyyən problemlərə gətirib çıxara bilər".

News24.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-esperti, həkim-pediatr Tərlan Əyyubov bildirib. Onun sözlərinə görə, körpələrin suya qarşı olan tələbatı bu yaş qrupunda ana südü və ya süni qida ilə tam qarşılanır:

"Çünki ana südünün və ya süni qidanın demək olar ki, təqribən 90%-i sudur və onlar həm qidaya, həm də suya olan tələbatı tam ödəmək iqtidarındadırlar. Bu nöqteyi nəzərdən də Ümumdünya Səhiyyə Təşkilatı istər təbii qidalanmada, istərsə də süni qidalanmada olan 6 ayadək uşaqlara su verilməsini məsləhət görmür.
6 aydan bir yaşadək uşaqlarda isə az-az olmaqla gün ərzində 60-100 ml qədər su verilə bilər. Bu suyun qidalardan əvvəl yox, sonra verilməsi məsləhətdir.

Bu yaşda əlavə su verilməsi sutkalıq qəbul olunmalı südün miqdarını azalda bilər, çünki mədə dolacaq, iştah azalacaq, nəticədə uşaq süd və ya süni qidanı qəbul etməyəcək və sonda böyümə üçün lazımi kalori və qida maddələrini almadığı üçün kütlə və vitamin, mineral defisiti yarana bilər və ya inkişafı yavaşlayar".

Həkim uşaqlarda bağırsağın motor funksiyasının pozulması və qəbizliyin səbəblərini də açıqlayıb:

"Qəbizliyi yaradan səbəblərdən biri qida rasionunun dəyişməsidir. Bu bir çox hallarda 1 yaşadək uşaqların rasionuna yeni qidaların daxil olunması zamanı baş verir; Rasionada asan həzm olunan şəkərlərin (şirniyyatlar, ağ çörək, şirələr, kompotlar, bişmişlər, un, xəmir məmulatları və s.) çox olması, qida liflərinin (meyvə, tərəvəz, göyərti və s.) az olması; Kifayət qədər suyun qəbul edilməməsi də qəbizliyə gətirən amillərdən hesab olunur. Orqanizmdə su çatışmadıqda bədənimiz bağırsaq daxilindən onu sovurur və bu nəcis kütlələrinin özlülüyünün artmasına gətirir. Xüsusən çox tərləyən uşaqlar daha çox su içməlidirlər ki, orqanizmin su balansı pozulmasın; Mexaniki bağırsaq keçməzliyi. Bura bağırsaqların bir-birinə dolaşması, törəmələr, qurd invaziyaları, bağırsaq daxili yad maddələr aid edilə bilər; Bəzi dərman maddələri bağırsaq peristaltikasını ləngidə bilər. Xüsusən də qəbizliyi olanlarda ağırlaşmaların olmaması üçün həkimlər bəzən əlavə tədbirlər kimi nəcis kütlələrini yumşaldan vasitələrdən istifadə edirlər; Bəzi endokrin, elektrolit, maddələr mübadiləsi pozğunluqları da qəbizliyin yaranmasına səbəb olur".