11 il komada qalan boksçu həyatını itirdi

11 il komada qalan boksçu həyatını itirdi Dünya

Puerto-Rikolu boksçu Pritçard Kolon 33 yaşında, rinqdə aldığı ağır zədədən 11 il sonra vəfat edib. O, döyüşdən sonra komaya düşüb və ömrünün sonuna qədər valideynlərinin daimi qayğısına ehtiyac duyub.

News24.az xəbər verir ki, faciəli döyüş 2015-ci il oktyabrın 17-də ABŞ-nin Feyrfaks şəhərində baş tutub. O zaman boksun ən perspektivli gənc idmançılarından biri sayılan Kolon Terrel Uilyamsla qarşılaşıb. Döyüş zamanı rəqibi onun başının arxasına dəfələrlə zərbə endirib. Uilyams cərimə xalları alsa da, qarşılaşma davam etdirilib. Doqquzuncu raundda Kolon iki dəfə rinqə yıxılıb, döyüş başa çatdıqdan sonra isə huşunu itirib.

Həkimlər onun beyninə qan sızdığını müəyyən edib və təcili əməliyyat aparıblar. Kolon altı aydan çox komada qalıb. Ayıldıqdan sonra isə vəziyyəti ağır olaraq qalıb: o, müstəqil hərəkət edə və danışa bilməyib, valideynləri isə ona sutka ərzində qulluq edib.

Zədədən əvvəl Kolon boksun gələcək ulduzlarından biri hesab olunurdu. O, keçirdiyi 16 peşəkar döyüşün hamısında qalib gəlib, bunların 13-nü nokautla başa vurub və gələcək dünya çempionu kimi qiymətləndirilib.

Onun rəqibi Terrel Uilyams həmin döyüşə görə cəzalandırılmayıb, lakin o, daha sonra baş verənləri “hər gün xatırladığını” bildirib.