16 yaşdan aşağı uşaqlara sosial şəbəkə qadağası qüvvəyə mindi – Bu ölkədə

16 yaşdan aşağı uşaqlara sosial şəbəkə qadağası qüvvəyə mindi – Bu ölkədə Dünya

Avstraliya 16 yaşdan aşağı uşaqlar üçün sosial şəbəkələri qadağan edən ilk ölkə olub. Qadağa “TikTok”, “Alphabet”ə məxsus “YouTube”, “Meta”nın “Instagram” və “Facebook” platformalarını əhatə edir və bu qayda gecə yarısından etibarən qüvvəyə minib.

News24.az xəbər verir ki, yeni qanuna əsasən, ən böyük 10 platforma 10 dekabr saat 00:00-dan etibarən uşaqlara girişin bloklanmasını təmin etməlidir. Qaydaya əməl etməyən şirkətlər 49,5 milyon Avstraliya dollarına (33 milyon ABŞ dollarına) qədər cərimə oluna bilər. Bu qərar texnologiya şirkətləri və söz azadlığı müdafiəçiləri tərəfindən tənqid edilsə də, bir çox valideyn və uşaq hüquqları müdafiəçiləri tərəfindən müsbət qarşılanıb.

Qadağa ilkin olaraq 10 platformaya tətbiq olunur, lakin hökumət bildirir ki, siyahı gələcəkdə dəyişə bilər.

Platformaların çoxu yaş təyini üçün “age inference” (onlayn fəaliyyət əsasında yaşın təxmin edilməsi), “age estimation” (selfi üzərindən yaşın təyin edilməsi), şəxsiyyət vəsiqəsi və ya bank məlumatları vasitəsilə identifikasiya kimi alətlərdən istifadə edəcək.

Qadağa digər ölkələr tərəfindən də diqqətlə izlənilir. Çünki artan narahatlıqlara görə bir çox dövlətlər uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran oxşar addımlar atmağı düşünür.

Baş nazir Entoni Albanese məktəblərdə nümayiş etdiriləcək video-müraciətində bildirib ki, bu addım gənclər arasında sosial media təzyiqini azaltmağı və onların rifahını yaxşılaşdırmağı hədəfləyir.

“Tətillərdən maksimum yararlanın. Telefonla fasiləsiz oynamaq əvəzinə yeni idman növü öyrənin, musiqi alətində ifa edin və ya rəfdə tozlanan o kitabı, nəhayət ki, açın. Ən əsası isə ailəniz və dostlarınızla üz-üzə vaxt keçirin”, – o deyib.

Bu qərar texnologiya şirkətlərinin təhlükəsizlik tədbirləri ilə bağlı narazı olan dünya ölkələri üçün praktiki bir sınaq modelinə çevriləcək. Ekspertlər hesab edir ki, Avstraliya belə sərt məhdudiyyətləri tətbiq edən ilk ölkə olsa da, sonuncu olmayacaq.

Danimarkadan Malayziyaya, hətta ABŞ-nin bəzi ştatlarına qədər bir çox hökumət yaş məhdudiyyətləri tətbiq etməyi düşünür.

Yalnız İlon Maskın “X” platforması qaydalarla tam razılaşmayıb. O, qadağanı “avstraliyalıların internetə çıxışını nəzarətə götürməyə hesablanan arxa qapı mexanizmi” adlandırıb. Qanunun konstitusiyaya uyğunluğu ilə bağlı məhkəmə iddiası hazırda davam edir.

Şirkətlər bildirir ki, 16 yaşdan aşağı istifadəçilərdən xüsusi gəlir əldə etmirlər, lakin qadağanın onların gələcək auditoriyasını itirməsinə səbəb ola biləcəyindən narahatdırlar. Qadağadan öncə 8–15 yaşlı avstraliyalıların 86 faizi sosial şəbəkələrdən istifadə edirdi.