17 milyon insan fəlakətlə üz-üzədir – BMT-nin qorxunc statistikası

17 milyon insan fəlakətlə üz-üzədir – BMT-nin qorxunc statistikası Dünya

Əfqanıstan humanitar fəlakətə doğru gedir. Bu qış ölkədə 17 milyondan çox insan aclıqdan ölüm riski ilə üz-üzədir.

News24.az xəbər verir ki, BMT-nin Ümumdünya Ərzaq Proqramı həyəcan təbili çalır. Təşkilatın məlumatına görə, bir çox ailələr günlərlə qida tapa bilmir.

Proqramın Əfqanıstan üzrə direktoru Con Eyklif bildirib ki, vəziyyət getdikcə ağırlaşır:

“Ailələr bir neçə gün ərzində heç nə yemir. Uşaqlar arasında ölüm halları artır və yaxın aylarda vəziyyət daha da pisləşə bilər”, – deyə o qeyd edib.

Qarşıda qış mövsümü dayanır. Ölkə dərin iqtisadi böhranla yanaşı, quraqlıq və zəlzələlərin nəticələrindən də əziyyət çəkir. Ərzaq çatışmazlığı onsuz da mövcud idi, indi isə buna qonşu ölkələrdən deportasiya edilən milyonlarla əfqan qaçqının geri qayıtması da əlavə olunub.

Geri qayıdanların əksəriyyəti fiziki cəhətdən tükənmiş vəziyyətdədir və demək olar ki, heç nəyə sahib deyil. Bununla yanaşı, humanitar yardımın həcmi artmaq əvəzinə azalır.

Con Eyklif beynəlxalq ictimaiyyətə çağırış edərək vurğulayıb:

“Biz Əfqanıstandakı böhranı yenidən ictimai diqqət mərkəzinə qaytarmalıyıq ki, ən həssas əfqanlar layiq olduqları diqqəti və dəstəyi ala bilsinlər”.