2024-cü ilin şok statistikası: Almaniyada təhlükə artır
Dünya
Almaniyada polis əməkdaşlarına qarşı hücumların sayı rekord həddə çatıb. Rəsmi hesablamalara görə, ölkədə hər gün ən azı səkkiz polis zabiti hücuma məruz qalır və hücum edənlərin yarıdan çoxu Almaniya vətəndaşı deyil.
News24.az “BILD” nəşrinə istinadla xəbər verir ki, Almaniya Federal Polis İdarəsinin 2024-cü il üzrə yeni hesabatında cinayətlərin aşkarlanması və axtarışda olan şəxslərin saxlanılması üzrə rekord göstəricilər qeydə alınsa da, polis əməkdaşlarına qarşı zorakılığın artmaqda davam etdiyi vurğulanır.
Sənədə əsasən, 2024-cü il ərzində polislərə 2967 dəfə hücum edilib ki, bu da gündə səkkizdən çox hadisə deməkdir.
Hesabatda bildirilir ki, hücumlar demək olar ki, hər zaman fiziki zorakılıqla müşayiət olunub: təpik və yumruq zərbələri, tüpürmə, dişləmə, baş və bədənlə zərbələr.
Qeyd olunur ki, hücum edənlərin 53 faizi Almaniya vətəndaşlığına malik deyil. Təxminən yarısı hadisə zamanı spirtli içki və ya narkotik maddələrin təsiri altında olub. Ümumilikdə 804 federal polis əməkdaşı xəsarət alıb ki, bu da indiyədək qeydə alınmış ən yüksək rəqəmdir.
Ölkənin dəmir yolu stansiyalarında da cinayətkarlıq artır. 2024-cü ildə burada 27160 cinayət qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 6 faiz çoxdur. Artan təhlükəsizlik riski fonunda hökumət bir sıra zonalarda silah və bıçaq daşımağı qadağan edib, həmçinin nəzarəti gücləndirmək üçün 143 stansiyada 11 min təhlükəsizlik kamerası quraşdırmağı planlaşdırır.