30 ildən sonra ilk dəfə: Fransa ordusunda böyük dəyişiklik nədir?

30 ildən sonra ilk dəfə: Fransa ordusunda böyük dəyişiklik nədir? Dünya

Fransa orduda çağırış sistemini geri qaytarmağı planlaşdırır, lakin bu dəfə xidmət tamamilə könüllü olacaq.

News24.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron RTL radiostansiyasına müsahibəsində danışıb.

Fransada məcburi hərbi xidmət artıq təxminən otuz ildir tətbiq olunmur və ordu tam şəkildə peşəkarlardan ibarətdir, lakin Makron Rusiyanın mövqeyinin əvvəlkindən daha aqressiv olduğunu bildirib və buna görə yenilənmiş hərbi xidmət modelinin qayıdacağını açıqlayıb.

Detallar yaxın günlərdə rəsmi olaraq təqdim ediləcək. Hələlik isə KİV bir sıra məqamlar barədə açıqlamalar yayıb.

“La Tribune” nəşri yazır ki, yeni könüllü xidmət 10 ay davam edəcək və həm kişilərə, həm də qadınlara şamil olunacaq. Bu xidmət vasitəsilə Fransanın hərbi ehtiyat qüvvəsi gücləndiriləcək. Könüllülərə aylıq 900-1000 avro ödəniləcək.

Fransa ilk il üçün 2000-3000 könüllü, 2030–2035-ci illər üçün isə 10000-50000 nəfər cəlb etməyi planlaşdırır.

Hazırda Fransanın Silahlı Qüvvələrində ümumilikdə 205 min hərbçi var, onlardan isə yalnız 47 min nəfəri ehtiyatda olanlar təşkil edir. Məqsəd bu rəqəmi 2030-cu ilədək 80 minə çatdırmaqdır.