6 min təyyarəyə fövqəladə çağırış – aviasiyada böyük böhran yaşanacaq?

6 min təyyarəyə fövqəladə çağırış – aviasiyada böyük böhran yaşanacaq? Dünya

“Airbus” minlərlə təyyarəsində cihaz xətası aşkarlandığını açıqlayıb.

News24.az “BBC”yə istinadla xəbər verir ki, şirkət bu problemin uçuşlarda ciddi gecikmələrə və reyslərin ləğvinə səbəb ola biləcəyini bildirib.

Avropanın aviasiya nəhəngi qeyd edib ki, güclü günəş radiasiyası təyyarənin idarə edilməsi üçün vacib olan bəzi cihaz məlumatlarını təhrif edir.

Məsələ 30 oktyabrda ABŞ-nin Florida ştatında “JetBlue” şirkətinə məxsus A320 təyyarəsinin qəfil məcburi eniş etməyə məcbur olması ilə üzə çıxıb. Həmin hadisə zamanı azı 15 nəfər xəsarət alıb.

Qeyd olunur ki, problem A320 ilə yanaşı A318, A319 və A321 modellərini də əhatə edir. Ümumilikdə təxminən 6000 təyyarə bu risk altındadır. Onların təqribən 5100-də sadə proqram təminatı yenilənməsi kifayət edəcək. Daha köhnə modellərdə isə avadanlığın dəyişdirilməsi tələb olunduğundan həmin təyyarələr müvəqqəti istismardan çıxarılacaq.

Böyük Britaniyanın aviasiya nəzarət qurumu bildirib ki, bu texniki prosedurlar yüksək ehtimalla bəzi reyslərin ləğvinə gətirib çıxaracaq.