60 milyon insan işsiz qalacaq

60 milyon insan işsiz qalacaq Dünya

Texnologiyanın sürətlə irəlilədiyi çağımızda süni intellekt artıq təkcə elmi fantastika filmlərinin mövzusu deyil, gündəlik həyatımızın əvəzolunmaz hissəsinə çevrilib. Bununla belə, yeni dərc olunmuş hesabata görə, süni intellekt iş dünyasında böyük zəlzələlərə səbəb ola bilər.

News24.az xəbər verir ki, Amerikalararası İnkişaf Bankı (İİB) tərəfindən nəşr olunan yeni araşdırma süni intellektin gələcək illərdə əmək bazarına təsirini ortaya qoyub. Buna görə də təkcə ABŞ-da 60 milyon işçi qarşıdakı 5 ildə yeni nəsil süni intellekt modellərindən birbaşa təsirlənəcək.

İİB tərəfindən dərc edilən məlumatlar qlobal miqyasda daha da təsir edici olur. Gələn il qlobal işçilərin 28 faizini təşkil edən dünya üzrə 980 milyon işçi hansısa şəkildə süni intellektdən təsirlənəcək. Bu nisbət 5 ildən sonra 38 faizə, 10 ildən sonra isə 44 faizə yüksələcək.

İndeksin ortaya qoyduğu digər diqqəti çəkən nəticə isə, süni intellektin təsirinin cəmiyyətin müxtəlif təbəqələrində bərabər paylanmayacağıdır. Məsələn, qadınların 40 faizi avtomatlaşdırma proseslərindən təsirləndiyi halda, kişilər üçün bu nisbət 38% olacaq.

Ekspertlər vurğulayırlar ki, hökumətlər və özəl sektor bu dəyişikliyə hazır olmalıdır. Sosial təhlükəsizlik şəbəkələrinin gücləndirilməsi, kiçik biznesin dəstəklənməsi və əmək bazarının mütəmadi olaraq qiymətləndirilməsi fövqəladə hallar planı çərçivəsində verilən ilk tövsiyələrdir.

Təbii ki, sadaladığımız bütün məlumatlar texnologiyanın inkişaf sürəti nəzərə alınmaqla təqdim olunur... Bu mənada yeni dövrdə bu prosesin uzanması və ya qısalması mümkün ola bilər. Bununla belə, yaxın gələcəkdə texnoloji inkişaflarla iş dünyasının köklü şəkildə dəyişəcəyini qəbul etmək lazımdır.

Günel Məlikzadə