ABŞ danışıqlar zamanı İrandan bunu tələb edəcək
Dünya
ABŞ İranla danışıqlar çərçivəsində bu ölkədən bütün nüvə materiallarının çıxarılmasını və uranın zənginləşdirilməsinin dayandırılmasını tələb edəcək.
News24.az xəbər verir ki, bu barədə “The Times of Israel” adı açıqlanmayan israilli rəsmiyə istinadən məlumat yayıb.
Bundan əlavə, Vaşinqton İrandan ballistik raket təhlükəsinin aradan qaldırılmasını da tələb etməyi planlaşdırır.
Mənbə qeyd edib ki, ABŞ və İsrail İranla iki həftəlik atəşkəsi əvvəlcədən razılaşdırıb və danışıqlarda ümumi məqsədlərə sadiq qalmaq barədə razılığa gəliblər.
Xatırladaq ki, daha əvvəl Donald Tramp ABŞ-nin İranla iki həftəlik atəşkəs təklifini qəbul etdiyini bildirib. O vurğulayıb ki, bu müddət ərzində tərəflər silahlı qarşıdurmanın dayandırılması üzrə yekun razılaşmanı hazırlamalıdırlar.
“Axios” portalı mənbələrə istinadən yazıb ki, İran-ABŞ danışıqlarının ilk raundu aprelin 10-da İslamabad şəhərində keçirilə bilər. Həmçinin bildirilib ki, İran ABŞ-yə 10 maddədən ibarət təklif göndərib və Tehranın iddiasına görə, Vaşinqton bu sənədi qəbul edib.
Təklifdə, o cümlədən, Hörmüz boğazı ilə bağlı şərt də yer alır.