ABŞ gəmisi Eylata yan aldı, Netanyahu təcili iclas keçirdi – Bölgədə gərginlik artır

ABŞ gəmisi Eylata yan aldı, Netanyahu təcili iclas keçirdi – Bölgədə gərginlik artır Dünya

İsrailin Baş naziri Benyamin Netanyahu yüksək səviyyəli müşavirləri və müdafiə qurumlarının rəsmiləri ilə “məxfi mövzu” ilə bağlı təhlükəsizlik toplantısı keçirib.

News24.az xəbər verir ki, İsrail mətbuatının məlumatına görə, toplantıda ABŞ-nin İrana mümkün hücumu müzakirə edilib.

Netanyahu İran məsələsi ilə bağlı yüksək səviyyəli müşavirləri və müdafiə qurumlarının nümayəndələri ilə məsləhətləşmələr aparıb.

İsrailli rəsmilər hesab edirlər ki, məhdudmiqyaslı hücum İran rejimini devirməyəcək. Onların fikrincə, ABŞ Prezidenti Donald Tramp da bu mövqeyi bölüşür. Bu səbəbdən ABŞ-nin İrana mümkün hücumunun əsasən nüvə və raket proqramlarına yönələcəyi ehtimal olunur.

Xəbərə görə, ABŞ-nin İrana qarşı hətta məhdud hücumu halında belə, Tehran hakimiyyətinin İsraili hədəf alacağı, Təl-Əvivin isə buna sərt cavab verəcəyi düşünülür.

Digər tərəfdən, İrana qarşı regiondakı hərbi mövcudluğunu artıran ABŞ-yə məxsus hərbi gəminin İsrailin cənubundakı Eylat limanına yan aldığı bildirilib.