ABŞ–İran danışıqları: Kimlər iştirak edir, gündəmdə nələr var?

ABŞ–İran danışıqları: Kimlər iştirak edir, gündəmdə nələr var? Dünya

Pakistanın paytaxtı İslamabad bu həftəsonu dünya gündəminin mərkəzinə çevrilməyə hazırlaşır. ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi və dini lider Əli Xameneinin ölümü ilə nəticələnmiş hücumlardan sonra başlayan müharibədə tərəflər ilk dəfə danışıqlar masasına oturacaq.

News24.az xəbər verir ki, Pakistanın vasitəçiliyi ilə əldə olunan iki həftəlik atəşkəsdən sonra keçiriləcək bu görüşlər qlobal enerji bazarları və regional təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyır.

Pakistanın baş naziri Şahbaz Şərifin dəvəti ilə keçiriləcək danışıqlar şənbə səhəri rəsmi olaraq başlayacaq.

Görüşlərin keçiriləcəyi hotel və ətrafındakı “Qırmızı Zona”da təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılıb.

İran Milli Ali Təhlükəsizlik Şurası danışıqların 15 günə qədər davam edə biləcəyini bildirib. Pakistan hökuməti isə sammitlə əlaqədar paytaxtda 9–10 aprel tarixlərini rəsmi tətil elan edib.

Masada kimlər var?

Danışıqlarda ABŞ nümayəndə heyətinə ABŞ-nin vitse-prezidenti Cey Di Vens rəhbərlik edəcək. Görüşdə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner də iştirak edəcək.

İran nümayəndə heyətində isə parlament sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçinin adları qeyd edilib.

Vasitəçi ölkə olan Pakistandan isə xarici işlər naziri İşaq Dar danışıqlara rəhbərlik edəcək.

Tərəflər danışıqlara fərqli tələblərlə gəlir.

İranın təqdim etdiyi 10 maddəlik sülh planında Hörmüz boğazı üzərində nəzarət, ABŞ hərbi qüvvələrinin Yaxın Şərqdən çıxarılması və müttəfiq qruplara qarşı əməliyyatların dayandırılması kimi şərtlər yer alır.

ABŞ isə İranın zənginləşdirilmiş uran ehtiyatından imtina etməsini müzakirə olunmayan əsas şərt kimi irəli sürür.

Danışıqların qarşısındakı əsas maneə Livana qarşı davam edən hücumlar və tərəflər arasındakı dərin etimadsızlıqdır.

İran Livandakı hücumlar dayanmasa, atəşkəsi poza biləcəyi barədə xəbərdarlıq edib. ABŞ isə atəşkəsin Livanı əhatə etmədiyini bildirir.

Ekspertlər hesab edirlər ki, İsrailin danışıqlarda iştirak etməməsi və Livandakı gərginlik prosesi poza bilər. (TRT Haber)