ABŞ İrana hücum qərarından vaz keçir? - ŞƏRH
Dünya
Son günlər ABŞ və İran arasında gərginliyin yenidən yüksəlməsi beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Qarşılıqlı sərt bəyanatlar, hərbi fəallığın artması və diplomatik kanallarda müşahidə olunan durğunluq vəziyyətin daha da kəskinləşə biləcəyi ilə bağlı narahatlıqları artırır. Bir sıra analitiklər mövcud proseslərin hər an regionda açıq hərbi toqquşmaya keçə biləcəyini istisna etmir və mümkün ssenarilər geniş müzakirə olunur.
Maraqlıdır, iki ölkə arasında hərbi qarşıdurma mümkündürmü?
Məsələ ilə bağlı News24.az -a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, son vaxtlar yaxın Şərqdə, o cümlədən İran ətrafında yaranmış vəziyyət artıq həqiqətən də savaş həddinə çatıb, ancaq savaşın baş verib-verməyəcəyi barədə qəti fikir bildirmək mümkün deyil:
"Çünki Tramp administrasiyası üçün bütün situasiyalar siyasi-iqtisadi bazarlıq mövzusudur. Yəni bir müddət öncə hələ bu hadisələr yeni başlayanda Prezident Tramp bəyan etmişdi ki, əgər rəsmi Tehran kütləvi etiraz aksiyalarına çıxan insanlara qarşı zorakılıq edərsə, o zaman ABŞ köməyə gələcək və İran hakimiyyəti üçün ciddi problemlər yaradacaq. Ancaq sonradan gördük ki, İranda hakimiyyət aksiya iştirakçılarına qarşı zorakılıq etdi, minlərlə insan həyatını itirdi, Tramp isə öz vədini yerinə yetirmədi. Əvəzində ABŞ İrana qarşı şərtlər irəli sürdü. Əgər həmin şərtlər yerinə yetirilsə, o zaman Ağ Evdə heç kim İranda və onun ətrafında baş verən hadisələri xatırlamağa ehtiyac duymayacaq".
Politoloq qeyd edib ki, ABŞ İrandan nüvə proqramının icrasından imtina etməyi və indiyə qədər zənginləşdirilən uranı təhvil verməyi tələb edir:
"ABŞ istəyir ki, İran nüvə ballistik raket texnologiyasının inkişafından imtina etsin və 300 km-dən uzaqdakı hədəfləri vura biləcək raketlərə malik olmasın. Eyni zamanda İrandan proksi qüvvələrə dəstəkdən imtina etməsi tələb olunur. Yəni bu tip tələblər irəli sürülür və bildirilir ki, əgər bunlar yerinə yetirilməsə, İrana qarşı hərbi müdaxilə baş verəcək. Yox, əgər İran ABŞ-nın bu tələblərinin yerinə yetirilməsi istiqamətində siyasi bazarlığa oturarsa, o zaman Tramp İranla savaşa başlamağa qətiyyən ehtiyac duymayacaq".
Politoloqun sözlərinə görə, Trampı və onun ölkəsini İranda yaşayan insanların taleyi qətiyyən düşündürmür. Əsas məqsəd ABŞ-ın tələbləri və şərtləridir.